Azərbaycanda subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu prosesi hər il minlərlə gəncin karyera yolunda mühüm addımdır. Lakin təcrübə göstərir ki, hər il kollecə sənəd verənlərin sayında azalma yaşanır.
Bizim.Media bildirir ki, təhsil eksperti Elmin Nuri məsələ ilə bağlı “modern.az”a açıqlama verib.
Elmin Nurinin sözlərinə görə kolleclərdə ən çox tələbat və əmək bazarında aktiv olan sahə tibbdir.
"Tibb yönümlü - tibb bacısı, tibb qardaşı, mamalıq işi, ortopedik stomatologiya, feldşer kimi ixtisaslara həmişə daha çox maraq olub. Subbakalavr təhsilinin keyfiyyətindən danışdıqda tibb ixtisaslarının adını ürək genişliyi ilə qeyd etmək olur. Ancaq tibbə göstərilən maraq digər sahələrə göstərilmir".
Onun sözlərinə görə, bu il digər illərə nisbətdə daha çox boş yerlər qalıb:
"Bu il kolleclərə üz tutanların sayı həddən artıq aşağı oldu. Hətta 11 illik kolleclərdə çox yer boş qalmışdı. Xüsusilə, kolleclərdə bank işi, vergi işi, sığorta işi, kommersiya işi, mühasibatlıq işi, sənaye və ayrı profilli vacib ixtisaslara digər illərə nisbətdə müraciət daha az idi.
Əslində bunun əsas səbəbi kolleclərin əmək bazarı ilə əlaqələrinin olmamasıdır. Kollecə üz tutanların çoxu universitetə qəbul üçün vasitə kimi baxır. Ancaq bu il müşahidə etdikdə görürük ki, qəbul imtahanlarına imtahansız qəbul şansları azalıb".
Ekspert vurğulayıb ki, kollecdə təhsilə önəm verən,uzun illərdir fəaliyyət göstərən pedaqoqlar var.
Tələbələr kollecə universitetə gedən yolda vasitə kimi baxmamalıdırlar. Əgər əmək bazarında vəziyyət stabilləşərsə kollecdə tibbə göstərilən diqqət digər ixtisaslara da göstərilər.
Bizim.Media