“Müsəlman hara, general olmaq hara” sözlərinin müəllifi olan və gənclik illərindəki siyasi fəaliyyəti Azərbaycanla sıx bağlı olan erməni kommunist Anastas Mikoyan SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. Onun əli on minlərlə Azərbaycanlının qanına batıb”.
Bizim.Media xəbər verir ki, bu fikirlər tarixçi alim, professor Zaur Əliyevin araşdırmasında qeyd olunub.
Alim Mikoyanın Azərbaycandan oğurladığı dəyərli eksponatlar, arxiv sənədləri ilə bağlı faktları açıqlayıb:
“Mikoyanın Azərbaycan xalqına vurduğu ən ağır zərbələrdən biri də 1918-ci ilin mart hadisələri zamanı Ağa Musanın oğlunun adına tikdirdiyi İsmaliyyə binasından tariximizə aid nadir sənət əsərləri, kitablar və əşyaları oğurlaması olub.
İsmailiyyə binası ictimai məqsədlər üçün tikilmişdi. Bu o zaman üçün böyük bir hadisə idi ki, ilk dəfə Azərbaycanda ictimai, ədəbi və siyasi təşkilatların fəaliyyət göstərə biləcəyi bina tikilib fəaliyyət göstərirdi.
Musa Nağıyevin İsmaliyyə binasının zirzəmisində xüsusi otağı var idi, orda Nizami Gəncəvidən öncə və sonrakı dövrə aid, Azərbaycanla bağlı əlyazmalar, xəritələr, sənədlər, kitablar yerləşirdi. Nağıyevin kolleksiyasına qədim qılınclar, pullar, xalçalar, əşyalar da daxil idi. Füzuli, Xətai, Nəsimi, Nizami digərlərinin əsərləri, xalq dastanları və digər nadir kitablarla zəngin olan bu kitabxanada ən qədim “Qurani-Kərim” nümunələri də var idi. Binada, milli irsimizə aid 12-dən çox iri yeşik dolusu qiymətli qədim əşya və eksponatlar saxlanılırdı.
Bakı bolşeviklər tərəfindən ələ keçirildikdən sonra İsmaliyyənin bir hissəsini 26-lara, Şaumyana, sonra isə rus əsgərlərinə verirlər. Tarixi mənbələrdə göstərilir ki, rus əsgərləri İsmailiyyəni çox pis vəziyyətə salmışdılar. Hətta orada İsa peyğəmbərin şəklini asıb, şam yandırırdılar.
1918-ci il martın 31-də isə bina ermənilər tərəfindən yandırıldı.
Beləliklə də, həmin ildə xalqımızın erməni soyqrımına məruz qaldığı kimi, İsmaliyyə binası da vəhşiliklərin qurbanı oldu. Belə versiyalar irəli sürülür ki, ermənilər binanın bünövrəsinə qızılın qoyulması ilə bağlı xəbərlərə aludə olaraq binanı top atəşinə tutmuşdular. 31 mart Soyqırımı Günü Mikoyanın xüsusi tapşırığı ilə Stepan Şaumyan ona bir dəstə ayırmışdı.
Milyonçuların evlərində olan bu kolleksiyalar və xüsusilə Nağıyevə məxsus bütün arxiv və kolleksiya ayrıca toplanırdı.
Minlərlə sənədin saxlanıldığı çemodan
Mənbələrin yazdığına görə Mikoyan zirehli qatara minib Bakını tərk edəndə yanında 5-7 arası iri çanta dolu sənəd və kitab, 12-dən çox əşya dolu iri yeşik aparıb. Eyni zamanda Mikoyanın apardığı çemodanda, Azərbaycan hərbi tərəfdarlarının gizli siyahıları, Milli Şuranın gələcək planları və siyasi bəyannamələrinin layihələri, Müsəlman Xeyriyyə Cəmiyyətinin xarici ölkələrlə yazışmaları və diplomatik sənədlər var idi. Eyni zamanda İrəvanın, həmçinin Qarabağ və Zəngəzur bölgələrinin kənd-kənd, dərə-dərə işlənmiş ilkin topoqrafik xəritələr də oğurlananlar içərisində idi.
Fətəli Xan Xoyski, Məmməd Əmin Rəsulzadə və digər ziyalıların hazırladıqları dövlət idarəçiliyi, milli pul vahidi və daxili təhlükəsizlik layihələrinin ilkin əlyazmaları da Mikoyan tərəfindən talan edilənlər siyahısında olub. Bu sənədlər sonradan Moskvada və İrəvanda Azərbaycan ziyalılarına qarşı repressiya materialları kimi istifadə olundu.
Şirvanşahlar, Səfəvilər və sonrakı xanlıqlar dövründə Osmanlı imperiyası, Rusiya və Qacarlar dövləti ilə imzalanmış, Bakı və Şirvan bölgəsinin statusunu təsdiqləyən orijinal, möhürlü fərmanlar və müqavilələrlə yanaşı Azərbaycanın ilk milli mətbuat nümunələrinin basıldığı nadir polad şriftlər, litoqrafiya daşları və mətbəə matrisləri oğurlanaraq zirehli qatara yükləndi.
1918-ci il hadisələrini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının (FTK) hesabatlarında qeyd olunurdu ki, "İsmailiyyə" binası təkcə yandırılmayıb, o, içərisindəki bütün intellektual və maddi sərvət tamamilə boşaldıldıqdan sonra, cinayətin izini itirmək üçün od vurularaq külə döndərilib.
Mikoyanın zirehli qatarla apardığı həmin arxivlərin bir qisminin hələ də Ermənistanın dövlət arxivlərində və Moskva fondlarında gizli saxlanıldığı ehtimal edilir”.
Bizim.Media