Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Ermənistanda baş tutan parlament seçkilərindən sonra İrəvanın yürütdüyü xarici siyasət kursunu kəskin ittihamlarla hədəf alıb.
Bizim.Media xəbər verir ki, rəsmi Moskva Ermənistan rəhbərliyinin həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanmaq, həm də paralel olaraq Avropa İttifaqına inteqrasiya etmək cəhdlərini sərt şəkildə tənqid edib.
Zaxarova bildirib ki, Nikol Paşinyan administrasiyası öz vətəndaşlarını aldadaraq iki iqtisadi blok arasında seçim etməyə ehtiyac olmadığı barədə yalan təəssürat yaradır:
"Ermənistan rəhbərliyi öz həmvətənlərini inandırmağa çalışır ki, guya Avropa İttifaqı ilə Aİİ arasında seçim etməyə gərək yoxdur. Hesab edirlər ki, Avrasiya inteqrasiyasından bütün iqtisadi üstünlükləri və töhfələri alıb, paralel olaraq özlərini digər iqtisadi bloka (Aİ) üzvlüyə hazırlaya bilərlər. Yox, bu, mümkün deyil! Biz Ermənistanın Aİİ birliyinə qarşı yürütdüyü bu cür i müftəxor mövqeyinə dözmək niyyətində deyilik".
Rusiya XİN rəsmisi Ermənistanın bu siyasətini aeroportda tranzit reysini gözləyən və son anda qəflətən uçuş istiqamətini dəyişmək istəyən çaşqın sərnişinə bənzədib. Zaxarova vurğulayıb ki, Qərb institutları hazırda Aİİ üzvlərinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməklə hibrid müharibə aparır və belə bir şəraitdə İrəvanın Brüssellə manipulyasiyaları müttəfiqlik öhdəliklərinə tamamilə ziddir.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl rəsmi Moskva Ermənistandakı parlament seçkilərinin ciddi qanun pozuntuları, demokratik normaların tapdalanması və rusiyayönümlü müxalifətə qarşı repressiyalar mühitində keçdiyini bəyan etmiş, seçkilərin nəticələrinə görə Paşinyanı təbrik etməkdən nümayişkaranə şəkildə yayınmışdı.
Bizim.Media