Azərbaycanın ilk uşaq televiziyası olan “ARB Günəş” növbəti yeni layihəsini – “Laylay” klipini ictimaiyyətə təqdim edib.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən təqdimat mərasimində həssas qruplara aid uşaq və yeniyetmələr layihənin ilk izləyiciləri sırasında yer alıblar.
“ARB Günəş” televiziyasının direktoru, layihənin baş prodüseri Məhsim Məhsimov bildirib ki, əsas məqsəd Azərbaycanın layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Ekran işinin çəkilişləri Azərbaycanın qədim və füsunkar şəhərlərindən biri olan Şəkidə aparılıb. Şəhərin tarixi küçələri, memarlıq nümunələri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də təbiəti mahnının emosional ovqatı ilə bir araya gətirilib.
“Laylay” sözləri Xalq şairi Süleyman Rüstəmə, musiqisi isə görkəmli bəstəkar Şəfiqə Axundovaya məxsus sənət əsəridir. Mahnı xüsusi təbiilik və millilik qorunmaqla yeni aranjimanda hazırlanıb.
Layihənin ifaçıları Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarıdır. Tədbirdə Gülyanaq Məmmədova rəsmi dövlət tədbirində olduğuna görə iştirak edə bilməyib, təqdimata Xalq artisti Gülyaz Məmmədova qatılaraq təəssüratlarını bölüşüb.
Layihənin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri isə Məhsim Məhsimovdur.
Tədbirdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən də danışaraq, həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra “Laylay” klipi ilk dəfə nümayiş olunub. Layihənin gələcəkdə müxtəlif beynəlxalq festivallarda təqdim olunması nəzərdə tutulur.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu