Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İran İslam Respublikasına 24,535 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 697 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 9,642 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə isə 274 min ABŞ dolları, yaxud 1,6 dəfə artıb.
Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan İrandan 403 min ABŞ dolları dəyərində, 14,175 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 69 min ABŞ dolları və ya 14,6%, həcm ifadəsində isə 2,450 milyon kVt/saat və ya 14,7% azdır.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6% az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5% çoxdur.
Bizim.Media