Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzub.
Bu gün, həmçinin Elmir Çərkəzov (60 kiloqram) bürünc mükafat uğrunda mübarizə aparacaq.
Günün ilk yarısında mübarizəyə qoşulan Azərbaycanın 4 qız güləşçisi ilk görüşlərində, Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici qarşılaşmada uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Daha əvvəl yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medal qazanıblar.
Bizim.Media