Regionlarda məşğulluq məsələsi son illərdə diqqət mərkəzində olan əsas sosial-iqtisadi mövzulardan biridir. Paytaxtla müqayisədə bölgələrdə iş imkanlarının, əmək bazarının və gəlir mənbələrinin fərqlənməsi əhalinin məşğulluq səviyyəsinə də təsir göstərir.
Bəs ümumilikdə regionlarda əhalinin işlə təmin olunması hansı səviyyədədir? İş yerlərinin yaradılması istiqamətində hansı addımlar atılır və bölgələrdə iş axtaranları daha çox hansı sahələr cəlb edir?
Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, regional məşğulluq göstəricilərinin təhlili göstərir ki, cari ilin 8 ayı ərzində məşğulluğu təmin edilənlər üzrə ən yüksək göstərici Sumqayıt şəhərində qeydə alınıb:
“Cari il ərzində Sumqayıt şəhəri üzrə 7468 nəfər müvafiq vakansiyalar üzrə işlə təmin edilib. Digər yerlərdə Abşeron rayonu (6707 nəfər) və Gəncə şəhəri (2237 nəfər) qərarlaşıb”.
Məlumatda qeyd edilib ki, ümumilikdə isə 2026-cı il ərzində Agentlik tərəfindən 119 min nəfər münasib iş yerləri ilə təmin olunub:
“İşlə təmin olunmuş şəxslərin 78 092 nəfərini kişilər, qalan hissəsini qadınlar təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı məqsədilə həyata keçirilən tədbirlər ildən-ilə genişlənir”.
Nəzrin Mirzəyeva, Bizim.Media