
Təxminən 67 milyon il yaşı olan nanotiran dinozavrının skeleti Nyu-Yorkda “Sotheby’s” hərrac evində satışa çıxarılacaq.
Bizim.Media xəbər verir ki, “Jodi” ləqəbi verilən nadir tapıntının 6-9 milyon dollar arasında qiymətləndiriləcəyi gözlənilir.
Başdan quyruğadək uzunluğu təxminən 6 metr olan skeletin quraşdırılmış konstruksiyasının hündürlüyü isə 2,9 metrə çatır. Eksponata bir heyvana məxsus 191 fosilləşmiş sümük elementi daxildir.
Bunların arasında 53 sümükdən ibarət, demək olar ki, tam kəllə və inkişafın müxtəlif mərhələlərində olan təxminən 50 diş də var. Qalıqlar 2019-cu ildə Montana ştatının Cordan şəhəri yaxınlığında, Hell-Krik geoloji formasiyasının ərazisində yerləşən şəxsi rançoda aşkarlanıb.
Tapıntını rançonun sahibi Codi Pirson aşkar edib. Həmin il peşəkar paleontoloq Kleyton Fippsin rəhbərlik etdiyi komanda ərazidə qazıntı işləri aparıb. Daha sonra skeleti özəl kolleksiyaçı alıb.
“Sotheby’s”in məlumatına görə, elmə cəmi üç nanotiran skeleti məlumdur. “Jodi” nanotiranın tirannozavrlardan ayrı, müstəqil dinozavr növü olması fikrini gücləndirən yeni tədqiqatların ortaya çıxmasından sonra satışa çıxarılan ilk nümunə olacaq.
Bizim.Meida