Böyük Britaniyada dizel yanacağına olan yüksək qiyməti təkcə avtomobil sürücüləri üçün deyil, məktəbliləri daşıyan nəqliyyat vasitələri üçün də problem yaradır. Avtobus şirkətləri xəbərdarlıq edirlər ki, yanacağın qiyməti bu səviyyədə yüksək qalarsa, məktəblərə gediş-gəliş marşrutlarını ləğv etmək məcburiyyətində qala bilərlər.
Bizim.Media xəbər verir ki, söhbət qrafik üzrə hərəkət edən adi avtobuslardan getmir.
Britaniyanın Sərnişin Nəqliyyatı Konfederasiyası evdən məktəbə və əks istiqamətdə uşaqların daşınması üçün, məsələn, icarəyə götürülən avtobusları və digər nəqliyyat vasitələrini nəzərdə tutur.
“The Guardian” yazır ki, ötən həftə Britaniyanın yanacaqdoldurma məntəqələrində dizel yanacağının orta qiyməti ilk dəfə 2,35 avronu ötüb. Nəticədə daşınma xərcləri kəskin artıb.
Bu vəziyyət xüsusilə məktəblilərin daşınması ilə bağlı müqaviləsi artıq bağlanmış şirkətlər üçün çətindir. Çünki xidmət haqqı çox vaxt əvvəlcədən müəyyən edilir, yanacağın qiyməti isə artmaqda davam edir.
Buna görə də ticarət assosiasiyası sonda şirkətlərin hansı marşrut üzrə səfərlərini davam etdirə biləcəklərini seçmək məcburiyyətində qalacağından ehtiyat edir.
Avtobus Daşıyıcıları Assosiasiyası dizel yanacağının yüksək qiymətləri ilə əlaqədar Britaniya hökumətindən müvəqqəti yardım göstərməsini xahiş edir. Təşkilatın məlumatına görə, müstəqil avtobus şirkətlərinin təxminən 85 faizi ailə biznesləridir.
Bizim.Media