Almaniyanın sabiq kansleri Angela Merkelin portreti ziyarətçilərin böyük marağına səbəb olduğu üçün Berlin muzeyinin ekspozisiyasında planlaşdırılandan daha uzun müddət qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Berlinin mərkəzində yerləşən Bode Muzeyinə istinadən "dpa" agentliyi məlumat yayıb.
Muzeydən verilən məlumata görə, əsər iyulun 1-də ictimaiyyətə təqdim edildikdən sonra muzeyi ziyarət edənlərin sayında nəzərəçarpan artım qeydə alınıb. İlkin plana əsasən, portret ekspozisiyada oktyabrın 4-nə qədər qalmalı idi, lakin indi bu müddət 2027-ci il yanvarın 3-dək uzadılıb.
Bundan sonra rəsm əsəri Almaniya Federal Kanslerinin Ofisinə icarəyə veriləcək.
Portretin müəllifi gənc fransız-alman rəssam Jeremi Keyrasdır. O, Almaniyanın Frayburq şəhərində musiqiçi ailəsində doğulub. 2022-ci ildə rəssam Merkelə portretini çəkmək barədə əlyazma ilə təklif məktubu göndərib.
Tabloda sabiq kansler qızılı-qəhvəyi fon qarşısında, parlaq göy rəngli pencəkdə təsvir olunub.
Oktyabrın 4-də Merkelin Bode Muzeyini ziyarət edəcəyi gözlənilir. Səfər zamanı o, həmçinin öz portretinin əks olunduğu açıqcaları imzalayacaq.

Bizim.Media