Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya pilotsuz uçuş aparatının dəmir yolu xəttinə endirdiyi zərbədən sonra Polşa-Ukrayna sərhədində baş verən insidentin mərkəzində qalıb. Conson təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda iştirak etmək üçün gəldiyi Kiyevdən qayıdarkən bu vəziyyətlə üzləşib.
Bizim.Media xəbər verir ki, Almaniyanın "Der Spiegel" nəşrinin məlumatına görə, Consonun olduğu qatara dron hücumları ilə əlaqədar təxliyə xəbərdarlığı edilib.
Sərnişinlər səhər saat beş radələrində oyadılıb, bundan sonra qatar müvəqqəti olaraq təxliyə olunub. Consonun özünün xəsarət almadığı bildirilir.
Həmin qatarda olan İsveçli keçmiş baş nazir və xarici işlər naziri Karl Bildt bildirib ki, hücuma məruz qalan qatar onların ardınca hərəkət edən digər heyət olub.
"Bu, bizim qatarımız deyil, cəmi bir neçə dəqiqə sonra ardımızca gələn və Polşa sərhəd-keçid məntəqəsinin yaxınlığında olan qatar idi", – deyə Bildt yazıb.
Onun sözlərinə görə, hücuma məruz qalan qatarın sərnişinlərini dron yaxınlaşmazdan əvvəl təxliyə etməyə imkan çatıb, ona görə də heç kim zərər görməyib. Consonun qatarı isə yalnız təxliyə xəbərdarlığı alıb və Polşanın Dorohusk şəhərinə doğru hərəkətini davam etdirə bilib.
"Çox yaxşı təhlükəsizlik sistemi. Bizim qatarımız yalnız təxliyə xəbərdarlığı aldı, lakin Dorohuskadək yoluna davam edə bildi. Ukraynaya hücumlar güclənir", – deyə Bildt qeyd edib.
İnsident Kiyev – Varşava marşrutu ilə hərəkət edən digər qatara Rusiya dronunun zərbə endirməsindən sonra baş verib. Həmin qatar Polşa sərhədindən təxminən bir yarım kilometr məsafədə hədəfə alınmışdı.
Bizim.Media