Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olması barədə bəyanatından sonra "Rosaviasiya" ölkənin bir sıra hava limanlarından uçuşları dayandırıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 3-ü səhər saatlarından etibarən Moskvanın "Şeremetyevo", "Domodedovo" və "Vnukovo", həmçinin Yaroslavl, Gelendjik və Soçi hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Yaranmış vəziyyət Rusiya ilə Azərbaycan arasındakı uçuşlara da təsir edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, aşağıdakı reyslərin statusu qeyri-müəyyəndir:
"UTair" aviaşirkətinin Moskvadan ("Vnukovo") Bakıya planlaşdırılan UT 745 reysi (yerli vaxtla 14:05-də enməli idi).
"Aeroflot" şirkətinin Moskvadan ("Şeremetyevo") Bakıya uçan SU 1854 reysi (yerli vaxtla 14:30-da enməli idi).
AZAL-ın Moskvadan ("Domodedovo") Bakıya gələn J2 182 reysi (yerli vaxtla 17:05-də enməli idi).
Gecə baş verən PUA hücumları səbəbindən Moskva hava limanlarında yüzdən çox reys təxirə salınıb və ya gecikir. "Şeremetyevo"da 59, "Domodedovo"da 17, "Vnukovo"da isə 26 reys gecikir, bir sıra istiqamətlər üzrə uçuşlar ləğv edilib.
Zelenskinin xəbərdarlığından sonra bəzi xarici aviaşirkətlər, o cümlədən Türkiyənin "Pegasus" şirkəti Rusiyaya uçuşları dayandırıb.
Ukrayna məsələ ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) məlumatlandırıb. "Rosaviasiya"nın rəhbəri Dmitri Yadrov ICAO-nun Rusiya səmasını birtərəfli qaydada bağlamaq səlahiyyətinin olmadığını, qurumun yalnız tövsiyə verə biləcəyini bildirib.
Bizim.Media