Cənubi Koreya hakimiyyəti sanksiyalardan yan keçməklə Rusiyaya kütləvi avtomobil tədarükü kanalının qarşısını alıb. İstintaqın versiyasına görə, ixracı qonşu ölkələrə edildiyi kimi qələmə verərək əslində Rusiya və Belarusa 1 mindən çox maşın ixrac edən dörd nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, 2024-cü ilin martından 2025-ci ilin dekabrına qədər ixrac şirkətinin nümayəndəsi və nəqliyyat agentliyinin əməkdaşı da daxil olmaqla dörd nəfər Ticarət və Gömrük qanunvericiliyini pozaraq ümumi dəyəri 50,7 milyard von (təxminən 3,2 milyard rubl) olan 1024 ədəd mühərrik həcmi 2 min kub sm-dən çox olan işlənmiş avtomobili Rusiyaya və Belarusa icazəsiz göndəriblər.
Təşkilatçılar real təyinat nöqtəsini gizlətmək üçün ticarət sənədlərini saxtalaşdırıb, sifarişləri sosial şəbəkələr vasitəsilə qəbul edib və maliyyə axınlarını gizlətmək üçün ödənişləri kriptovalyuta vasitəsilə həyata keçiriblər. Qanunsuz yolla çıxarılan maşınların ümumi dəyəri ilə yanaşı, qeyri-qanuni virtual ödənişlər 279,6 milyard von təşkil edib. Gömrük xidməti təqsirləndirilən şəxslərə 11 milyard von cərimə tətbiq edib.
Cənubi Koreya 2023-cü ilin sonunda mühərrik həcmi 2 min kub sm-dən çox olan avtomobillərin Rusiya və Belarusa tədarükünə qadağa qoyub. Qadağan olunan siyahıya populyar "Kia Sorento", "Hyundai Santa Fe", "Kia Carnival" və digər modellər daxildir.
Avtomobil tədarükçüsü Dmitri Roqov bildirib ki, Cənubi Koreya hakimiyyəti hər il "boz" sxemlərdən istifadə edən şəxsləri məsuliyyətə cəlb edir. Sənədləri kobud şəkildə saxtalaşdıran və ucuz qiymət vəd edən vicdansız təchizatçılar səbəbindən sifarişçilər pul və avtomobillərini itirə bilərlər.
Bizim.Media