Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrliyini başa çatdırıb və Pakistana təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ŞƏT-ə üzv dövlətlərin dövlət başçılarının iclasının yekunlarına əsasən məlumat verilib.
Qırğızıstan 2025-2026-cı illərdə ŞƏT-ə sədrlik edib. Sədrliyin əsas yekunu təşkilatın 25 illiyinə həsr olunmuş yubiley sammiti olub. Sammitdə ŞƏT-in 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsi və 30-dan çox sənəd imzalanıb.
“24.kg” portalı yazır ki, qəbul edilmiş qərarlar regional təhlükəsizlik, narkotiklərlə mübarizə, süni intellekt, informasiya təhlükəsizliyi, energetika, nəqliyyat və logistika, iqlim və biomüxtəlifliyin qorunması məsələlərini əhatə edir.
Növbəti sədrlik dövrü Pakistanın rəhbərliyi ilə həyata keçiriləcək. İslamabad təşkilatın fəaliyyətini koordinasiya etməli və dövlət başçılarının növbəti iclasını hazırlamalıdır.
Bundan əlavə, Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.
Bizim.Media