“Son günlər məktəblərdə şagirdlərin geyimi ətrafında baş verən hadisələri ürək ağrısı ilə müşahidə etdim. Bu hadisələrin simvolu mənim üçün 134 nömrəli məktəbin direktoru Aygün Mikayılova oldu”.
Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış prodüser, televiziya aparıcısı Emin Əfəndi teleqram kanalında yazıb.
O Aygün Mikayılovanın səbri, təmkini, valideynlərlə ünsiyyəti və uşaqlara hörmətlə yanaşmasına diqqət çəkib:
“Məncə, Aygün xanımın timsalında söhbət təkcə bir məktəb direktorundan getmir. Burada Azərbaycan qadınının necə olmasını istədiyimizə dair daha böyük bir məsələ var. Gərginlik qarşısında özünü itirməyən, fikrini təmkinlə ifadə edən, gücünü səsindən deyil, davranışından alan qadın obrazı. Qarşısında isə tamam fərqli bir yanaşma…
Əsl seçim məktəbli formasında deyil, təfəkkür tərzindədir. Sual budur: biz hansı davranış modelini dəstəkləyirik?
İstərdim ki, cəmiyyətimizdə özünü idarə etməyi bacaran, başqalarına hörmət edən və fərqli fikirlərlə qarşılaşanda təmkinini qoruyan insanlar çoxluq təşkil etsin.
Məktəblərdə geyim qaydaları ətrafında gedən müzakirələrdə əsas diqqətimizi başqa bir məsələyə yönəltməliyik. Təhsil yalnız zahiri qaydalardan ibarət deyil. Məktəb həm də təfəkkürün formalaşdığı, insanın dünyaya münasibətinin yarandığı yerdir.
Düşünürəm ki, dövlətin təhsil sahəsində müəyyən etdiyi qaydaların məqsədi də məhz belə insanların yetişməsidir. Qaydalara əməl edən, düşünməyi bacaran, özünə və başqalarına hörmət edən insanlar.
Baş verənlərdə kənar qüvvələrin təsirini axtaranlar da var. Mən isə diqqəti məsələnin mahiyyətinə yönəltmək istəyirəm. Mənim üçün əsas sual qaydaların haradan qaynaqlandığı deyil, hansı məqsədə xidmət etdiyidir. Bu məqsəddə Azərbaycan məktəblərində fərqli təfəkkürə və yüksək davranış mədəniyyətinə malik yeni nəslin yetişdirilməsi niyyətini görürəm.
Məsələ uşaqların nə geyinməsində deyil, necə düşünməsində və necə insan kimi yetişməsindədir. Geyim insanın zahiri görünüşünü, təfəkkür isə onun dünyasını dəyişir”.
Qeyd edək ki, müəllifin digər yazıları ilə teleqram kanalında tanış ola bilərsiniz.
Bizim.Media