Hava şəraitinin dəyişməsi fonunda ölkədəki epidemioloji vəziyyət açıqlanıb.
Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, ölkə üzrə epidemioloji vəziyyət sabit və nəzarət altındadır.
Məlumata görə, yoluxucu xəstəliklər üzrə vəziyyət və göstəricilər mütəmadi olaraq təhlil edilir, epidemioloji proseslərin dinamikası daim izlənilir.
"Müvafiq hallarda zəruri epidemioloji qiymətləndirmələr aparılır və xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər operativ şəkildə həyata keçirilir. Əhalinin yoluxucu xəstəliklərdən qorunmasında fərdi və ictimai gigiyena qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır. Əllərin mütəmadi yuyulması, yaşayış və iş məkanlarının müntəzəm havalandırılması infeksiyaların yayılma riskinin azaldılmasına kömək edir".
Bildirilib ki, hər hansı infeksion xəstəliyə xas əlamətlər (hərarət, öskürək, halsızlıq və digər simptomlar) müşahidə edildikdə, şəxslərin vaxt itirmədən həkimə müraciət etməsi, özbaşına dərman qəbulundan çəkinməsi və mütəxəssis tərəfindən müəyyən edilmiş müalicə və tövsiyələrə əməl etməsi tövsiyə olunur.
Məlumatda qeyd edilib ki, valideynlər uşaqların Milli Peyvənd Təqviminə uyğun peyvəndlərinin vaxtında aparılmasına diqqət göstərməlidirlər.
"Bu, həm fərdi qorunmanın, həm də cəmiyyətdə infeksiyaların yayılmasının qarşısının alınmasının əsas və etibarlı vasitələrindən biridir".
Fəridə, Bizim.Media