“PISA 2029-un birinci mərhələsi 2026-cı ildən başlayıb. Hazırda sual çərçivələrinin hazırlanması prosesi gedir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında Bizim.Media-nın sualını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, suallar hazırlanandan sonra tərcümə ediləcək:
"2027-ci ilin sonlarından başlayaraq məktəblərlə bağlı məlumatlarımızı PISA-nın koordinasiya qurumuna göndərəcəyik. Onlar məktəbləri təsadüfi seçim əsasında müəyyənləşdirəcəklər. Yəni hansı məktəblər seçilərsə, tədqiqat həmin məktəblərdə aparılacaq.
PISA-dan bir il əvvəl, 2028-ci ildə suallar göndəriləcək və şagirdlər onları cavablandıracaqlar. Nəticələr əldə edildikdən sonra mübahisəli suallar müəyyənləşdirilərək çıxarılacaq. Yekun test hazırlandıqdan sonra isə seçilmiş regionlar üzrə həmin suallar cavablandırılacaq. 2029-cu il PISA məlumatları aprel-may aylarında toplanacaq. 2029-cu ilin iyun ayından 2030-cu ilin sentyabr ayına qədər məlumatlar araşdırılacaq", nazir bildirib.
Qeyd edək ki, PISA 2025 çərçivəsində Azərbaycan üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunması nəzərdə tutulub.
Əvvəlki iki dövrdən fərqli olaraq bütün regionların prosesə daxil edilməsi ölkə səviyyəsində daha geniş məlumat əldə etmək baxımından mühüm addımdır.
Fəridə, Bizim.Media