Son günlər qanunsuz fəaliyyət göstərən estetik-plastik cərrahlarla bağlı məsələ yenidən gündəmə gəlib. Səhiyyə naziri Teymur Musayev mediaya açıqlamasında bu şəxslərin fəaliyyətinin izlənildiyini və müvafiq tədbirlərin görüldüyünü bildirib.
Məsələnin diqqətçəkən tərəfi isə adları Səhiyyə Nazirliyinin müvafiq siyahısında olmayan bəzi həkimlərin ümumi cərrah statusundan istifadə edərək plastik-estetik əməliyyatlar həyata keçirməsidir.
Sosial şəbəkələrdə fəaliyyətlərini açıq şəkildə nümayiş etdirən həmin şəxslərlə əlaqə saxladıqda isə ən çox eşitdiyimiz cavab bu olub:
“Mən ümumi cərrahiyyə üzrə fəaliyyət göstərirəm, bu səbəbdən bəzi estetik əməliyyatları icra edə bilərəm”.
Beləliklə, bir sıra həkimlər ümumi cərrah olmalarını əsas gətirərək plastik əməliyyatlar həyata keçirirlər.
Bəs həqiqətən də hər ümumi cərrahın estetik-plastik əməliyyat icra etmək hüququ varmı? Bunun üçün ayrıca ixtisas və ya Səhiyyə Nazirliyinin xüsusi icazəsi tələb olunurmu?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi cərrahlar yalnız nazirliyin tərtib etdiyi siyahıdakı əməliyyatları icra edə bilərlər:
"Səhiyyə Nazirliyi tərəfindən cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislərin icrasına icazə verilən plastik cərrahiyyə əməliyyatlarının siyahısı nazirliyinin müvafiq əmri ilə təsdiq edilib.
Ümumi cərrahlar yalnız həmin təsdiq edilmiş siyahıda nəzərdə tutulan plastik və rekonstruktiv əməliyyatları icra edə bilərlər.
Tibbi fəaliyyət göstərən mütəxəssislərin müvafiq ixtisas, təhsil və sertifikasiya sənədlərinin tələblərə uyğunluğu qanunvericiliyə uyğun olaraq qiymətləndirilir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi öz səlahiyyətləri çərçivəsində tibb müəssisələrində yoxlamalar həyata keçirir. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Vətəndaşlar həkimin müvafiq ixtisas və sertifikasiya sənədləri barədə məlumat əldə edə, şübhəli hallarla bağlı isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə müraciət edə bilərlər", - deyə Nazirliyin açıqlamasında qeyd edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media