Azərbaycanda xınayaxdı məclisləri yeni adət deyil. Əksinə, xına gecəsi xalqımızın toy ənənəsinin ən qədim və duyğulu mərasimlərindən bir hissəsi olub: qız övladının ata ocağında keçirdiyi son gecənin bir az kədərli, bir az da şadyanalıqla qeyd olunmasıdır. Amma bir vaxtlar xınayaxdının nə böyük şadlıq saraylarına, nə xüsusi dekorasiyalara, nə də ayrıca xidmət sektoruna ehtiyacı vardı. Bu məclis, adətən, ev şəraitində keçirilir, qohum-qonşu qadınlar bir araya gəlir, gəlin köçəcək qızın əllərinə xına yaxır, necə deyərlər, bir gözü ağlar, bir gözü gülər gənc qızı yeni həyata uğurlayardılar.
Bəs necə oldu ki, bu kiçik və səmimi məclis bu gün nəhəng toy biznesinin ayrılmaz hissəsinə çevrildi?
Burada maraqlı bir dönüş nöqtəsi var. 2008-ci ildə Türkiyədə yayımlanan məşhur “Aşk-ı Memnu” serialını çoxları başqa səhnələrlə xatırlayır. Ustad yazar Halit Ziya Uşaklıgilin eyniadlı romanının müasir həyata uyğunlaşdırılmış ikinci ekran versiyası olan serial Türkiyədə də, Azərbaycanda da geniş müzakirələrə səbəb olmuşdu. Serialın türk toplumunun əxlaqına zidd olması ayrı mövzudur, bizim toxunacağımız isə ayrı məsələdir:
Serialın sonlarına yaxın Adnan bəyin qızı Nihalın Behlüllə toyundan əvvəl xına mərasimi keçirilir. Əvvəlcə ənənəvi xınayaxdının tanış elementləri təqdim olunur. Lakin mərasim bununla bitmir. Xına gecəsi tədricən musiqili, rəngarəng, bol rəqsli, dəbdəbəli bir şouya çevrilir.
Türkiyədə özündə də ənənəvi xına gecəsi adətən ortaya oturdulmuş gəlinin başında qırmızı örtük, ətrafına dövrə vuran qadınların "Yüksek yüksek tepelere..." kimi kövrək mahnı səsləndirilməsi ilə keçirilirdi. Lakin “Aşk-ı Memnu” xınanın şou modelini yaratdı. Ardınca da bizim yerli tanışlıq verilişimizdə (“Toy olsun”) bol hədiyyələrlə, müğənnilərlə özünə yer tapdı.
Ekran məclisindən real biznesə
Ən əsası isə bazar bunu çox tez anladı. Gənc qızların belə bir məclisi sevəcəyini göydəcə qamarlayan toy industriyası bu ideyanı sürətlə kommersiyalaşdırdı. İşin içinə aparıcılar, rəqqasələr, “haxışta”lı şairələr, müxtəlif səhnə elementləri, xonçalar da daxil oldu. Ardınca isə başqa bir məşhur ekran işi olan “Muhteşem yüzyıl”da Hürrəm Sultanın geyimləri, taclar, taxtlar xına gecələrinin yeni atributlarına çevrildi və beləcə zəncirvari biznesə çevrildi.
İlk baxışdan burada pis heç nə yoxdur. Xınayaxdı öz ətrafında ayrıca iqtisadiyyat yaradıb, nə qədər adam qazanc götürür. Yeni xidmət sahəsinin yaranması yeni iş yerləri deməkdir. Problem bu ənənənin yavaş-yavaş sosial məcburiyyətə çevrilməsindədir. Azərbaycanda toy biznesinin ən güclü elementi var: müqayisə! İmkanlı ailə dəbdəbəli məclis təşkil edir. Bunu görən kasıb qohum, qonşu, dost övladının sevincini, el-aləmin məmnunluğunu qazanmaq üçün bir gecəlik mərasimə görə kredit götürür, borca girir.
Xınayaxdının keçirilməsinə heç kim qarşı deyil, ənənəni yaşatmaq lazımdır, amma onu istehlak yarışına çevirməklə, xoşbəxtlik arasında uçurum yaratmaq başqa şeydir. Elçilik, yeni pul tələsi olan “həri” məclisi, xına və s. bitmək bilməyən məclislər onu keçirənə əlavə problem yaratmamalıdır. Xoş xatirələr, gözəl əyləncə və maraqlı şəkillər üçün bir neçə masa, sadə süfrə, bəzən isə bir qədəh belə bəs edir.
Şəfiqə Şəfa, Bizim.Media