Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Bir ay sonra Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Konstitusiyaya uyğun olara, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə tətilə buraxılır və bu müddətdə deputatlar məzuniyyətdə hesab olunurlar. Payız sessiyasının ilk plenar iclasından öncə isə komitə iclasları keçirilir. Plenarda müzakirə edilən qanun layihələri öncə komitə iclaslarında səsləndirilir, deputatların müzakirəsi və səs çoxluğu ilə plenara tövsiyə olunur.

Qanun layihələrinin yaranması da komitə üzvlərinin təklifləri və birgə qərarı əsasında formalaşır. Hər sessiyada onlarla qanun layihəsi müzakirəyə çıxarılır, müxtəlif təkliflər səsləndirilir və qanunlara dəyişikliklər edilir.

Bəs bu sessiyada deputatlar hansı təkliflərlə çıxış etməyi planlayırlar? Deputatların dəyişməsinin tərəfdarı olduqları hansı maddə və ya cərimə ilə düzələcəyini düşündükləri hansı davranışlar var?

Bizim.Media-nın əməkdaşı Milli Məclisin üzvlərinin mövzu ilə bağlı fikirlərini öyrənib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Bizim.Media-ya sosial və iqtisadiyyat istiqamətində təkliflərini davam etdirəcəyini deyib:

“Milli Məclisə mütəmadi olaraq həm sosial, həm də iqtisadi istiqamətdə təkliflərimizi veririk. O təkliflərin bir qismi də qanunvericilikdə əks olunub. Bu sessiya üçün təqdim etdiyim təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına baxılması və bunun dəyişdirilməsi ilə bağlı olacaqdır.

Yanaşmamız ondan ibarətdir ki, təbii artımın təşviqi məqsədilə çoxuşaqlı ailə anlayışına yenidən baxılması, üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi məqsədə uyğun olardı. Bu, daha çox ailələrin dövlət büdcəsindən müavinət almasına və onların sosial təminatının yaxşılaşdırılmasına gətirib çıxara bilər. İqtisadiyyatda, xüsusən də virtual iqtisadiyyat, süni intellekt, eləcə də virtual əməliyyatlar daxil olmaqla təkliflərimizin təqdim  olunacağı gözlənilir.

Nəzərə alsaq ki, həm rəqəmsal inkişaf, həm də süni intellekt hazırda itisadi siyasətin əsas istiqamətlərindəndir. Bu istiqmaətdə qanunverici bazanın təkmilləşməsi, xüsusilə də kriptovalyuta ilə bağlı qanunun qəbul edilməsi növbəti dövrlərdə müşahidə olunacaq. Bu da Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanması anlamına gəlir”.

“Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması vacibdir”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev də saytımıza açıqlamasında bir sıra məsələlərlə bağlı təkliflərlə bağlı çıxış edəcəyini qeyd edib.
 

Deputat hesab edir ki, əsas məsələ qəbul olunan qanunların sayından daha çox, onların insanların həyatına nə qədər müsbət təsir göstərməsidir:


“Qarşıdakı dövrdə də vətəndaşların müraciətlərindən, sahibkarların üzləşdiyi problemlərdən və cəmiyyətdə gördüyümüz real ehtiyaclardan çıxış edərək bir sıra təkliflərlə çıxış etməyi planlaşdırıram. Xüsusilə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını vacib hesab edirəm.

Sahibkarın qarşısına əlavə və əsassız maneələr qoyulmamalı, kiçik və orta biznesin fəaliyyət göstərməsi, inkişaf etməsi və yeni iş yerləri yaratması üçün daha əlverişli şərait formalaşdırılmalıdır. Dövlətin vəzifəsi sahibkarı cəzalandırmaqdan daha çox, onun qanuni fəaliyyət göstərməsinə imkan yaratmaq və hüquqlarını qorumaqdır.

Digər mühüm istiqamət insan hüquqları və sosial əlçatanlıqdır.

Dövlət xidmətləri, təhsil, səhiyyə, sosial imkanlar və digər xidmətlər vətəndaş üçün mümkün qədər əlçatan olmalıdır. Xüsusilə aztəminatlı, həssas və sosial baxımdan daha çox dəstəyə ehtiyacı olan insanların qarşılaşdığı problemlərə qanunvericilik səviyyəsində diqqət artırılmasını vacib sayıram.

Cərimələrə gəldikdə isə mən hesab edirəm ki, cərimə tətbiq etmək özü məqsəd olmamalıdır. Cərimə yalnız konkret davranışın qarşısını almaq və ictimai qaydanı qorumaq üçün effektiv mexanizmə çevrilməlidir. Eyni zamanda cərimələrin məbləği və tətbiqi insanın gəlir imkanları ilə də müəyyən qədər uzlaşdırılmalıdır ki, ədalətsiz vəziyyət yaranmasın.

Ümumilikdə mənim yanaşmam çox sadədir: qanun vətəndaşın, sahibkarın və cəmiyyətin qarşısında əlavə maneə yaratmamalı, əksinə onların hüquqlarını və imkanlarını genişləndirməlidir. Qarşıdakı parlament ilində təkliflərim də əsasən sahibkarlığın inkişafına, insan hüquqlarının daha effektiv qorunmasına və sosial imkanların daha əlçatan olmasına yönələcək”.

“Qeyri-hökumət təşkilatlarının fəaliyyəti istiqamətində xeyli təşəbbüslər irəli sürülür”

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa saytımıza açıqlamasında komitənin profilinə uyğun təkliflər barədə düşündüklərini vurğulayıb. O, millət vəkili kimi ayrıca təkliflərinin olacağını da istisna etməyib:

“İlk növbədə komitənin (İctimai birliklər və dini qurumlar) ümumi mövqeyini araşdırırıq. Millət vəkilllərinin bu istiqamətdə hansısa təşəbbüsləri varsa, onu müzakirə edəcəyik. Ondan sonra digər fərdi qaydada öz düşüncələrimizi qanunvericilik üçün zəruri olan layihələr formasında təqdim etməyə çalışacağıq.

Birinci növbədə, qeyri-hökumət təşkilatlarının fəaliyyəti istiqamətində xeyli təşəbbüslər, təkliflər irəli sürülür. Onları dəyərləndirib, onun əsasında qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi nəzərdə tutula bilər.

Bütövlükdə, dini fəaliyyət sferası ilə bağlı müəyyən addımlar düşünülə bilər, özəlliklə də dini radikalizmə qarşı, kənardan Azərbaycanın ictimai-siyasi mühitinə dini təsirlərlə bağlı müəyyən proseslərin tənzmilənməsi istiqamətində müəyyən addımların atılması düşünülə bilər. Yəni bir sıra təşəbbüs və təkliflər var. Bu, fərdi müzakirə ilə yekunlaşan məsələ deyil, kollektiv müzakirədən keçməldiir. Komitə fəaliyyətə başlayan kimi məsələləri gündəmə gətirəcəyik”.

İnsan hüquqları komitəsinin sədr müavini və Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə də bu mövzuda fikirlərini Bizim.Media ilə bölüşüb.

“Təbii ki, təkliflərimiz olacaq. Sessiyanın başlanmasına təxminən bir ay qalıb. Özümüzün də təklifləri olacaq, hələki təklifləri qruplaşdırırıq. Bu dövr ərzində bizə müəyyən məsələlərlə bağlı müxtəlif müraciətlər olub. Rəsmi seçicilərimizlə görüşlərimiz olmasa da ayrı-ayrılıqda görüşlər baş tutub. Artıq ayın 5-dən etibarən seçicilərimizlə görüşlərə start verilib. Bir sıra məsələrlə bağlı təkliflər var, amma tam komplektləşmədiyi üçün konkret deyə bilmirəm. Daha yaxın müddətdə təkliflərimizi ictiamiləşdirəcəyik” – deyə deputat fikrini tamamlayıb.

Süni intellektdən istifadə etməklə akademik saxtakarlığın qarşısının alınması təklifi

Parlamentin Mədəniyyət, eləcə də Elm və təhsil komitəsinin üzvü olan Elnarə Akimova bildirib ki, qarşıdakı qanunvericilik ilində yeni təşəbbüslərin olacağı şübhəsizdir:

“Məncə, parlamentin əsas vəzifələrindən biri cəmiyyətin artıq üzləşdiyi, lakin qanunvericilikdə tam və aydın cavabını tapmayan məsələləri vaxtında gündəmə gətirməkdir. Bu baxımdan iki istiqaməti xüsusilə vacib hesab edirəm. Birincisi, süni intellektdən istifadə etməklə akademik saxtakarlığın qarşısının alınmasıdır. Azərbaycan süni intellekti və rəqəmsal transformasiyanı inkişaf prioriteti kimi müəyyən edib. Biz texnologiyanın qarşısını almaq yox, ondan sui-istifadənin qarşısını almaq barədə düşünməliyik.

Süni intellektdən elmi məqalənin dilini təkmilləşdirmək və məlumatları sistemləşdirmək üçün istifadə etmək normaldır. Amma heç bir tədqiqat aparmadan dissertasiyanı süni intellektə yazdırıb öz adı ilə təqdim etmək artıq texnoloji yardım deyil, elmi saxtakarlıqdır.

Burada məsələ təkcə plagiatdan getmir; saxta mənbələr, mövcud olmayan tədqiqat nəticələri və müəllifliyin saxtalaşdırılması da nəzərə alınmalıdır. Belə hallara görə elmi işin rədd edilməsi ilə yanaşı, təkrar müraciət hüququnun müəyyən müddət məhdudlaşdırılması, verilmiş elmi dərəcənin ləğvi və qəsdən törədilən hallarda daha ciddi məsuliyyət mexanizmləri müzakirə olunmalıdır”.

Deputat Ailə Məcəlləsi ilə nikahı qadağan edilən yaxın qohumlar arasında rəsmi nikahdan kənar münasibətlər barədə təkliflərin də olacağını vurğulayıb:

“Dövlət bu nikahları gələcək nəslin sağlamlığının qorunması məqsədilə qadağan edib. Lakin nikah qeydiyyatına icazə verilmədiyi halda dini kəbin, xarici sənədlər və digər yollarla həmin qadağadan yayınmağa cəhd edilirsə, bunun hüquqi nəticəsi də olmalıdır. Mən burada məqsədin insanları həbs etmək olmadığını xüsusilə vurğulamaq istərdim. Məsuliyyət mərhələli və proporsional qurulmalıdır. Qanundan qəsdən yayınanlara qarşı ciddi inzibati məsuliyyət, təkrar hallarda isə daha ağır hüquqi tədbirlər nəzərdən keçirilə bilər.

Eyni zamanda dini kəbin vasitəsilə açıq qanuni qadağanı faktiki olaraq aradan qaldıran halların da hüquqi qiymətləndirilməsi vacibdir. Əslində hər iki məsələnin kökündə eyni problem dayanır: qanun bir qadağa müəyyən edir, amma zaman keçdikcə insanlar həmin qadağadan yayınmağın yeni yollarını tapırlar. Qanunvericilik isə hadisələrin arxasınca getməməli, bu yolları əvvəlcədən görməlidir.

Məncə, qarşıdakı parlament ilində əsas hədəflərdən biri məhz budur: texnologiyanın inkişafına mane olmadan onun sui-istifadəsinə, ailə və gələcək nəsillərin maraqlarına zərər vuran davranışlara yol vermədən isə qanunun ətrafından keçmə cəhdlərinə hüquqi cavab vermək. Çünki güclü qanun yalnız qadağa qoyan deyil, həmin qadağanın işləməsini təmin edən qanundur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 yaşını iş başında qeyd etdi

100 yaşını iş başında qeyd etdi

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

Xəstəxanaya yerləşdirilən məktəb direktoru vəfat etdi– Foto

Xəstəxanaya yerləşdirilən məktəb direktoru vəfat etdi– Foto

Bağçanıza nanə əkin çağırışı edildi: səbəb

Bağçanıza nanə əkin çağırışı edildi: səbəb

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü – FOTO

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü – FOTO

Xəzərin suyundan istifadə edənlər bu gündən pul ödəyəcək

Xəzərin suyundan istifadə edənlər bu gündən pul ödəyəcək

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq

AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bişkek küçələrindən Azərbaycana sevgi dolu sözlər – VİDEO

Bişkek küçələrindən Azərbaycana sevgi dolu sözlər – VİDEO

Bişkek şəhərində ŞƏT-in neçə sammiti keçirilib?

Bişkek şəhərində ŞƏT-in neçə sammiti keçirilib?

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş KEÇİRİLDİ - FOTO

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş KEÇİRİLDİ - FOTO

Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Yumurtanı dondurucuya belə qoyun: Bir il xarab olmur!

Yumurtanı dondurucuya belə qoyun: Bir il xarab olmur!

Dünyada sahili olmayan yeganə dəniz

Dünyada sahili olmayan yeganə dəniz

Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Okeana 62 ton soda tökdülər

Okeana 62 ton soda tökdülər

Bişkekdə xarici jurnalistlərə milli içkilər təqdim olundu – VİDEO

Bişkekdə xarici jurnalistlərə milli içkilər təqdim olundu – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər – VİDEO

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşdı

Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Sadır Japarov: "ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır" - VİDEO

Sadır Japarov: "ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır" - VİDEO

Azərbaycan media nümayəndələri ŞƏT sammitində – VİDEO

Azərbaycan media nümayəndələri ŞƏT sammitində – VİDEO

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

End of content

No more pages to load

RADİO