Azərbaycanın sığorta bazarı böyüyüb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 1 milyard 6,4 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 671,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 26,9 faiz artım deməkdir.
Maraqlıdır, azərbaycanlılar ən çox nədən sığortalanır, nədən isə sığortalanmır? İnsanlarımız hansı riskləri hələ də lazımınca ciddi qəbul etmir?
Mövzu barədə Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov rəqəmlərin artmasını bir neçə səbəblə əlaqələndirib:
“Hər zaman olduğu kimi icbari sığorta növlərinin satışı üstünlük təşkil edir. Bununla yanaşı, son vaxtlar həyata keçirilən dəyişikliklər nəticəsində bir neçə sığorta növünə də maraq artıb. Buna misal olaraq kreditlərin sığortasını göstərmək olar ki, vətəndaşlar kredit götürdüyü zaman öz həyatlarını sığortalaya bilirlər. Eyni zamanda, ilin əvvəlindən Gürcüstana səfər edən sərnişinlərdən səfər sığortası tələb olunur. Həmçinin, Şengen zonası üçün də səfər sığortası tələblərdən biridir. Ona görə də bu istiqamətdə canlanma hiss olunur”.
Onun sözlərinə görə, avtomobillərin sığortalanmasına maraq həmişə yüksək olub:
“2025-ci ildən ölkəyə yeni nəsil avtomobillərin gətirilməsi həmçinin, kasko sığorta növünə də marağı artırıb. Vətəndaşlar yeni avtomobilləri sığortalamağa maraqlıdırlar, çünki həmin avtomobillər kifayət qədər bahadır. Bu istiqamətdə də artımı hiss edirik. “Ümumilikdə, könüllü sığorta növlərinə münasibətdə belə bir yanaşma var ki, hər hansı hadisə baş vermədiyi müddətdə vətəndaşlar bəzən bu sığortalara ehtiyac duymurlar. Əgər artım müşahidə olunursa, deməli, sığortaya maraq və etimad artır. Bunlar çox önəmli məsələlərdir”.
Günay Şahmar, Bizim.Media