Ötən gün ali məktəblərə qəbulun nəticələrinin açıqlanması ilə abituriyentlər üçün ən həlledici mərhələlərdən biri başa çatdı. Nəticələr yalnız kimin tələbə adını qazandığını deyil, həm də dövlət və özəl universitetlərə marağın necə bölündüyünü, hansı ixtisasların daha çox seçildiyini və hansı ali məktəblərdə plan yerlərinin boş qaldığını göstərir. Artıq boş qalan yerlər üzrə əlavə seçim də başlayır. Belə ki, DİM-in məlumatına görə, bu mərhələdə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.
Bəs ilkin nəticələr hansı mənzərəni ortaya qoyur? Dövlət universitetləri yenə əsas seçim olaraq qalırmı, yoxsa özəl universitetlərə maraq artır?
Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya deyib ki, Azərbaycanda son vaxtlar nədənsə belə bir tendensiya yaranıb ki, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərin diplomları tanınmayacaq:
“Bunun əsas səbəblərindən biri Azərbaycanda fəaliyyət göstərən həm dövlət, həm də özəl universitetlərin PR işinin zəif olmasıdır. Xüsusilə özəl universitetlərdə bu sahədə ciddi informasiya qıtlığı var. Vətəndaşlar və abituriyentlər həmin universitetlərin akkreditasiya standartlarına uyğun olub-olmaması barədə kifayət qədər məlumatlı deyillər. Buna görə də universitetlər öz PR işlərini gücləndirməli, xüsusilə ali təhsil müəssisələrinə qəbul ərəfəsində daha çox təşəbbüs göstərməlidirlər”.
Onun sözlərinə görə, özəl universitetlərin bəzisini abituriyentlər son çarə kimi seçirlər:
“Özəl və dövlət universitetlərinə marağı müqayisə eləsək mənzərə aydındır. Özəl universitetləri ən sonda çarəsizlikdən seçirlər. Birinci, özəl universitetlərdə təhsil haqqı dövlət universitetlərindən fərqlidir. Digər tərəfdən, açıq etiraf etmək lazımdır ki, bəzi özəl universitetlərdə təhsilin keyfiyyəti ilə zəifdir.
Bununla belə, elə özəl universitetlərimiz də mövcuddur ki, onlar Azərbaycanın 100 illik tarixə malik universitetləri ilə yanaşı, dünya reytinqlərində ilk minlikdə yer alan ali təhsil müəssisələri ilə rəqabət aparırlar.
Universitetlərin özlərinin karyera mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər məzunların harada işləməsi, beynəlxalq əlaqələrin necə qurulması, professor-müəllim heyəti və universitetin digər göstəriciləri barədə daha geniş məlumatları ictimaiyyətə təqdim etməlidirlər.
Bu halda abituriyentlər həmin universitetlərin akkreditasiya standartlarından keçdiyini və müvafiq tələblərə cavab verdiyini daha aydın görə bilərlər. Təəssüf ki, PR və məlumatlandırma işinin düzgün qurulmaması nəticəsində bu gün universitet diplomlarının tanınıb-tanınmaması məsələsi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib”.
Günay Şahmar, Bizim.Media