Hər il orta hesabla ölkəmizdə 100 min uşaq süni mayalanma yolu ilə dünyaya gəlir. Və süni mayalanmaya maraq günbəgün artır.
Süni mayalanmanın tarixi barədə nə bilirik?
Dünyada süni mayalanmanı ingilis alimləri Patrik Steptou və Robert Edvards 13 illik elmi araşdırmalardan sonra ilk dəfə 1978-ci ildə tətbiq ediblər. Beləcə Yer kürəsinin süni mayalandırma yolu ilə ilk uşağı - Luiza Braun adlı qız dünyaya gəlıb. Süni mayalandırma keçmiş SSRİ-də 1986-cı, Azərbaycanda isə 2004-cü ildən tətbiq olunub.
Hazırda dünyada süni mayalandırma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur.
Yaponiyada isə hər 11,6 uşaqdan biri ekstrakorporal mayalandırma yolu ilə dünyaya gəlir. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə 85 000-90 000 süni mayalanma icra olunub. 10 il əvvəl isə bu göstərici 3-4 min civarında olub.
Süni mayalanma hansı riskləri yaradır?
Tədqiqat göstərir ki, süni mayalanma yolu ilə doğulan körpələrdə leykemiya riski daha yüksəkdir.
Dondurulmuş embrionlardan istifadə etməklə dünyaya gətirilən uşaqların təbii yolla doğulanlara nisbətən qan xərçənginə tutulma riski 61 faiz çoxdur.
Təzə embrionlardan istifadə edərək IVF vasitəsilə dünyaya gələn körpələrdə bu risk 41 faizdir.
Ancaq müstəqil ekspertlər bunda texnologiyanın günahkar olmaya biləcəyini söyləyirlər. Onlar yaşlı, daha az sağlam cütlüklərin süni mayalanmadan istifadə etmək ehtimalının yüksək olduğuna diqqət çəkirlər. Onların fikrincə, süni mayalanma ilə dünyaya gələn uşaqlarda xəstəlik riskinin yüksək olması da məhz valideynlərin sağlamlıq vəziyyəti ilə izah edilə bilər.
8,2 milyondan çox uşağın tibbi vəziyyətlərini təhlil edən fransız tədqiqatçılar tapıntılarının ehtiyatla şərh edilməli olduğunu bildiriblər. Yardım təşkilatları da valideynlərə panikaya düşməmələri barədə xəbərdarlıq ediblər.
Tədqiqatda iştirak edən bütün uşaqlar 2010-2021-ci illər arasında doğulanlardır. Onlardan 2 729-na orta hesabla altı illik müşahidə müddətində leykemiya diaqnozu qoyulub. Dondurulmuş embrionlardan istifadə edilərək dünyaya gətirilən körpələr ən yüksək riskə sahib olub (ildə 1 milyon uşaqdan 69-na leykemiya diaqnozu qoyulub). Təzə embrionlarla dünyaya gətirilənlər üçün risk biraz daha az olub: hər 1 milyon uşaqdan 52-si bu xəstəliyə tutulub. Təbii yolla dünyaya gətirilən körpələrin nisbəti isə 1 milyonda 48 olaraq qeydə alınıb.
Araşdırmanın nəticələri “Jama Network Open” jurnalında dərc edilib.
Qeyd edək ki, "Blood Cancer UK"də tədqiqat direktorunun müavini Dr. Riçard Fransis bildirib ki, bu tədqiqatın nəticələrinə ehtiyatla yanaşmaq lazımdır:
“Bu araşdırma süni mayalanma yolu ilə hamiləlik və qan xərçəngi riski arasında birbaşa əlaqəni sübut etmir. Övladına hər hansı bir qan xərçəngi diaqnozu qoyulmuş hər kəsə mesajım budur: bu, sizin günahınız deyil".
Süni mayalanmaya psixolqlar da tənqidi yanaşırlar.
Tanınmış uşaq psixoloqu Gülnar Orucova Bizim.Media-ya bildirib ki, süni mayalanmadan dünyaya gələn körpələr bütün sağlamlıq göstəricilərinə görə digər həmyaşıdlarından 30-40 faiz geri qalır.
Tanınmış pediatr Vaqif Qarayevsə mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında süni mayalanma ilə dünyaya gələn uşaqların sağlamlığı ilə təbii yolla doğulan uşaqların sağlamlıqları arasında müəyyən fərq olduğunu vurğulayıb:
“Bu bir fakdır ki, təbii yolla doğulan uşaqlar süni mayalanma ilə doğulan uşaqlardan daha sağlam olurlar. Onların immuniteti daha güclü olur. Süni mayalanma ilə doğulan uşaqların səhətində problemlər daha çox olur. Ona görə də ən yaxşısı təbii doğuşdur”.
Surxay Atakişiyev, Bizim.Media