Qarpız yay aylarının ən çox sevilən meyvələrindən biridir. Lakin iri ölçüsü səbəbindən onu mətbəxdə və ya soyuducuda saxlamaq bəzən çətin olur. Mütəxəssislər qarpızın daha uzun müddət təzə qalması üçün bir sıra qaydalara əməl etməyi tövsiyə edir.
Bizim.Media xəbər verir ki, barədə "Martha Stewart" yazıb.
Bütöv qarpız necə saxlanmalıdır?
Qida texnoloqu İzabella Matskonun sözlərinə görə, qarpızı mümkün qədər uzun müddət bütöv saxlamaq daha yaxşıdır. Meyvə kəsildikdən sonra onun saxlanma müddəti əhəmiyyətli dərəcədə azalır.
Qarpızın qabığı qoruyucu baryer rolunu oynayır və meyvənin iç hissəsinin oksigenlə təmasını məhdudlaşdırır. Bu isə xarab olma prosesini ləngidir.
Mütəxəssisin fikrincə, qarpızı aldıqdan dərhal sonra yemək planlaşdırılmırsa, onu yalnız istifadə etməzdən əvvəl kəsmək məsləhətdir.
Kəsilmiş qarpız
Qabıq kəsildikdən sonra qarpızın şirəli lətli hissəsi xarab olmağa daha həssas olur. Buna görə də kəsilmiş qarpız dərhal örtülməli və soyuducuya yerləşdirilməlidir.
Kiçik tikələri və kub şəklində doğranmış qarpızı hava keçirməyən qablarda saxlamaq mümkündür. Böyük hissələr, məsələn, qarpızın yarısı və ya dörddə biri üçün isə yalnız kəsilmiş səthi örtmək kifayətdir.
Qida üçün nəzərdə tutulmuş streç plyonka bu məqsəd üçün əlverişli variantdır. Arı mumundan hazırlanan örtüklər də eyni funksiyanı yerinə yetirə bilər. Hətta zərurət yarandıqda təmiz duş papağından istifadə etmək də mümkündür.
Qarpız nə qədər müddət saxlanılır?
Bütöv qarpız otaq temperaturunda mətbəxdə təxminən bir-iki həftə qala bilər. Soyuducuda saxlanıldıqda isə bu müddət daha iki həftə uzana bilər.
Kəsilmiş qarpızın soyuducuda saxlanma müddəti isə onun necə doğranmasından asılıdır. Texnoloqun sözlərinə görə, bu müddət təxminən üç-yeddi gün təşkil edir. Böyük qarpız hissələri yeddi günə qədər, kub və kiçik dilimlər isə təxminən üç gün ərzində saxlanıla bilər.
Mütəxəssis qarpızın daha uzun müddət təzə qalması üçün hətta kəsildikdən sonra da qabığını mümkün qədər saxlamağı tövsiyə edir. Qabıq meyvənin hava ilə təmasını azaldaraq qoruyucu baryer rolunu oynayır. (Demokrat.az)
Bizim.Media