Yevlaxda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-ın soğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində "Toyota" markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Avtomobilin yanar konstruksiyaları, yük hissəsinə yığılmış hər birinin tutumu 20 litr olan 8 ədəd yanacaqla dolu plastik və dəmir qab yanıb, məntəqədə bir ədəd pompanın idarəetmə lövhəsi deformasiya edib. Yanacaqdoldurma məntəqəsi və ətraf ərazilər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Bizim.Media