Qusar şəhərindəki Elxan Güləliyev adına 2 saylı tam orta məktəbin rus bölməsinin 11a sinfinin 20 məzununun hamısı ali məktəbə qəbul olub.
Bu barədə Bizim.Media-ya məktəbin direktoru Günel Hacıyeva məlumat verib.
Direktorun sözlərinə görə, 11a sinfinin bu uğuru məktəb kollektivi və şagirdlərin valideynləri tərəfindən böyük sevinclə qarşılanıb.
Sinfin rəhbəri Qumru Çiqniyeva və məzunların ilk ibtidai sinif müəllimi Məlahət İbrahimova da şagirdlərin uğurundan danışıb.
Məlahət İbrahimova bildirib ki, bu uşaqlara ibtidai sinifdə dərs deyərkən onların fəal, maraqlı, öyrənməyə həvəsli və daim suallar verən şagirdlər olduğunu müşahidə edib:
“Onların hər birinə inanırdım. Bacaracaqlarına, uğur qazanacaqlarına və gələcəkdə öz layiqli yollarını tapacaqlarına inanırdım. Mənim üçün əsas məqsəd yalnız oxuyub-yazmağı və hesablamağı öyrətmək deyildi. Ən başlıcası onların gələcək təhsili və həyatı üçün möhkəm təməl yaratmaq idi. Bu gün böyük qürur və sevinc hissi ilə deyə bilərəm ki, sinfimdəki şagirdlərin hamısı ali məktəbə qəbul olub”.
Sinif rəhbəri Qumru Çiqniyevanın sözlərinə görə, 11a sinfi kimya-biologiya təmayüllü olub. Şagirdlər I və IV ixtisas qrupları üzrə ali məktəblərə hazırlaşıblar.
Sinfin üç məzunu orta məktəbi fərqlənmə attestatı ilə başa vurub və yüksək balla ali məktəbə qəbul olub. Məzunlardan ikisi 600-dən çox bal toplayıb.
Qeyd edək ki, 20 məzunun hamısının ali məktəbə qəbul olması məktəbin builki məzunları üçün xüsusi uğur olmaqla yanaşı, müəllimlərin və şagirdlərin birgə əməyinin nəticəsidir.
Aysel Şahbazova isə 648 balla Azərbaycan Tibb Universitetinə qəbul olaraq tələbə adını qazanıb.
Yeni tələbələri və onların müəllimlərini təbrik edirik!












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu