Azərbaycanda 2025-ci il ərzində 31852 cinayət hadisəsi qeydə alınıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə “Azərbaycan Hüquqpozmalar” statistik məcmuəsinə əsasən xəbər verir ki, qeydə alınan faktların 4375-i ağır və xüsusilə ağır cinayətlərdir.
Ötən il ən çox cinayət hadisəsi Bakı şəhərində qeydə alınıb.
Paytaxt rayonları arasında isə ilk sırada 1878 faktla Sabunçu rayonu dayanır.
Yasamal rayonunda 1560, Nəsimi rayonunda 1555 cinayət hadisəsi qeydə alınıb. Ən az göstərici isə 999 faktla Səbail rayonunda olub.
Abşeron-Xızı iqtisadi rayonunda 3390 cinayət faktı olub
Abşeron-Xızı iqtisadi rayonunda ötən il ümumilikdə 3390 cinayət hadisəsi aşkarlanıb. Bunlardan 1797-si Abşeron rayonunun, 1537-si Sumqayıt şəhərinin, 56-sı isə Xızı rayonunun payına düşüb.
Bakı və Abşeron-Xızı iqtisadi rayonundan sonra ən çox cinayət faktı Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb. Burada 1706 hadisə baş verib.
Mərkəzi Aran iqtisadi rayonunda 1521, Lənkəran-Astara iqtisadi rayonunda isə 1520 cinayət faktı qeydə alınıb.
Ən aşağı göstəricilər isə Şərqi Zəngəzur, Dağlıq Şirvan və Mil-Muğan iqtisadi rayonlarında olub. Belə ki, Şərqi Zəngəzurda 157, Dağlıq Şirvanda 425, Mil-Muğanda isə 938 cinayət hadisəsi baş verib.
Xədicə Paşayeva, Bizim.Media