ABŞ və Avropa İttifaqı ölkələri Azərbaycanda seçkilərin mümkün qədər demokratik və sakit keçməsini istəyirlər.
Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin müxalifət partiyaları ilə təmasları, müzakirələri intensivləşir. Paralel olaraq hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə də görüşlər başlayıb. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 26-da YAP rəhbərliyi ilə görüşüb.
Görüşdə Robert Sekuta bildirib ki, noyabrda azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin twitter səhifəsində yayılan məlumatda deyilir. Sekutanın YAP rəhbərliyi ilə daha bir görüşünün də olacağı qeyd edilib.
ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin və Avropa İttifaqının təmsilçiliyinin nədən Azərbaycanda keçiriləcək seçkilərə indidən xüsusi diqqət ayırdığı maraq doğurmaya bilməz.
Bu barədə danışan “Atlas”x9d Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın regional əhəmiyyəti artır və bölgədə geosiyasi vəziyyət getdikcə gərginləşir. Ona görə də Qərb dövlətləri Azərbaycanda sabitliyin olmasında maraqlıdırlar.
Düşünürlər ki, sabitlik məhz seçkilər zamanı pozula bilər və bunun baş verməməsi üçün indidən addımlar atılır. ABŞ və Avropa İttifaqı ölkələri Azərbaycanda seçkilərin mümkün qədər demokratik və sakit keçməsini istəyirlər. Bilirlər ki, demokratik keçməyən seçkilər sabitliyin pozulmasına səbəb ola bilir: “Həm hakimiyyət partiyası ilə, həm də müxalifətlə görüşlər məhz bununla bağlıdır. ABŞ səfirinin öncə YAP-la görüşməsi və növbəti görüşün də keçiriləcəyinin nəzərdə tutulması düzgün addımdır. Çünki adətən ABŞ səfiri müxalifət liderləri ilə görüşlər keçirəndə və YAP-la görüşməyəndə hakimiyyət düşərgəsindən çox qısqanc, narazı açıqlamalar verilir. Ona görə də ABŞ səfiri görüşlərə YAP-dan başlayıb. Böyük Britaniya səfiri də görüşlərə başlayıb. Ona görə bu iki dövlətin səfirləri fəallaşıblar ki, məhz bu iki dövlət Azərbaycanda sabitlikdə və demokratik inkişafda maraqlıdır. Hər iki dövlətin Azərbaycanda böyük kapitalı var. Onlar üçün Azərbaycanda sabitlik və inkişaf həm də buna görə vacibdir. ABŞ və Böyük Britaniya çalışır ki, seçkilər təlatümlü keçməsin və seçkidən sonra təlatümlər yaşanmasın. Onlar müxalifət partiyalarının seçkilərdə iştirakını və qələbə qazanan müxalifətçilərin qələbəsinin tanınmasını istəyirlər ki, seçkilər təlatümlərə yol açmasın. Mən düşünürəm ki, bu məsələ də müzakirə predmetidir. Tərəfləri inandırmağa çalışırlar ki, mümkün qədər seçkilər demokratik və ədalətli keçirilsin və seçkidən sonra təlatümlər olmasın”x9d.
E.Şahinoğlu qeyd etdi ki, indiki geosiyasi şəraitdə və Azərbaycanın iqtisadi, sosial durumunun ağırlaşdığı dövrdə təlatümlər daha ağır nəticələr verə bilər: “Ona görə də mən inanmaq istərdim ki, hakimiyyət seçkinin demokratik keçirilməsini təmin edəcək. Prezidentin seçkilərin ədalətli keçirilməsi barədə təlimat verdiyi barədə rəsmi açıqlama verildi. Görünür, hakimiyyətdə də anlayırlar ki, belə bir dönəmdə seçkilərdən narazılıqlar çox ciddi nəticələrə gətirib çıxara bilər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan elə bir mürəkkəb regionda yerləşir ki, o hadisələrdən başqa dövlətlər öz məqsədləri üçün istifadə edə bilər. Qərb ölkələri bunun baş verməməsini istəyirlər. Hakimiyyətdən də çox asılıdır. Hakimiyyət seçkilərin mümkün qədər demokratik keçirilməsinə çalışmalıdır və Qərb diplomatlarının təkliflərinə diqqətlə yanaşılmalıdır. Bilmək lazımdır ki, artıq 2003 və 2005-ci illər deyil. Daha ağır bir dönəmdir”x9d.
Ekspertin fikrincə, hakimiyyət və müxalifətlə diplomatik korpusun görüşləri getdikcə artacaq. Ola bilsin ki, ABŞ və Britaniyanın səfirlərinə başqa ölkələrin də səfirləri qoşulacaqlar.(musavat.com)