Rusiyanın Kemerovo şəhərində yaşayan Olqa adlı qadın evində "domovoy"la (rus mədəniyyətində evi qoruyan fövqəltəbii varlıq - red.) birlikdə yaşadığını iddia edir. O, hətta həmin varlığın hərəkətlərini videoya köçürə bildiyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "SHOT" teleqram kanalı yayıb.
Olqa evində baş verən qəribəlikləri araşdırmaq üçün mənzilində kameralar quraşdırıb. Görüntüləri nəzərdən keçirərkən o, səhər saat 07:00 radələrində – hamının yatdığı vaxtda naməlum bir qaraltının uşaq otağından yataq otağına keçdiyini iddia edib. Qadın videonun süni intellekt məhsulu olmadığını və çəkilişin hələ 2024-cü ildə qeydə alındığını bildirib:
"Həmin varlığın uşaq otağından bizim yataq otağımıza keçdiyi görünür. Ailəmizin bütün üzvləri müxtəlif vaxtlarda bunu görüblər. Hətta uşaqlıqda mənim bu fövqəltəbii varlıqla birbaşa fiziki təmasım da olub və mən bununla doğmalarımı bərk qorxutmuşdum".
Rusiyalı qadın mövzu ilə bağlı anomal hadisələri və fövqəltəbii qüvvələri araşdıran mütəxəssislərə müraciət edib. Araşdırmaçılar kadrlardakı varlığın məhz ev sahibini qoruyan "domovoy” olduğunu iddia edərək, otaqda işıqlandırma daha yaxşı olsaydı, onun siluetini tam ayırd etməyin mümkün olacağını irəli sürüblər.
Bizim.Media