
Dini dəyərlər Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti üçün olduqca önəmli faktordur. Ona görə də Azərbaycanın xarici siyasətində İslam dünyası ilə münasibətlər xüsusi yer tutur.
Bu əlaqələr dövlətlərarası həmrəyliyin möhkəmləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi, mədəni irsin qorunması, təhsil və elmin inkişafı, eləcə də sivilizasiyalararası dialoqun genişləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir.
Bu mənada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə əməkdaşlıq Azərbaycanın bu sahələrdə həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
İlham Əliyevin İƏT-in Baş katibi ilə görüşündə verilən mesajlar
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd arasında keçirilən görüşdə bu məqam xüsusilə qeyd edilib.
Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunub, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib.
Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.
Azərbaycanın sədrliyi ilə İƏT-in inkişaf perspektivləri
Qeyd edək ki, İƏT-ə 60-a yaxın müsəlman ölkəsi daxildir. Hazırda Azərbaycan təşkilata sədrlik edir. Gələn il Azərbaycanın sədrliyi ilə İslam ölkələri və təşkilatlarının Bakıda Zirvə toplantısı keçiriləcək. Bu da Azərbaycanın İslam dünyasındakı artan nüfuzunun, diplomatik imkanlarının və təşkilati təcrübəsinin mühüm ifadəsidir.
Bu məsuliyyət Azərbaycana üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi, ortaq təşəbbüslərin təşviqi və müsəlman xalqlarını narahat edən məsələlərin müzakirəsi üçün əlavə imkanlar yaradacaq. Azərbaycanın ev sahibliyi edəcəyi Zirvə görüşü siyasi dialoqla yanaşı, təhsil, elm, mədəniyyət, humanitar əməkdaşlıq, informasiya mübadiləsi və iqtisadi tərəfdaşlıq istiqamətlərində də yeni perspektivlər aça bilər.
Xüsusilə müasir dünyada dezinformasiyanın yayılması, dini və mədəni zəmində qarşıdurmaların dərinləşməsi, humanitar böhranların genişlənməsi fonunda İslam dövlətlərinin birgə fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu prosesə rəhbərlik etməsi ölkəmizin əməkdaşlığa açıq, dialoqa sadiq və ortaq problemlərin həllinə töhfə verməyə hazır olduğunu nümayiş etdirir.
Təsadüfi deyil ki, İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd dövlətimizin başçısı ilə son görüşündə Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İƏT arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırlayıb. Həmçinin ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd edib.
İƏT Azərbaycanın beynəlxalq mövqeyinin mühüm dayaqlarından biridir
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında dayanan əsas vəzifələrdən biri beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək, etibarlı tərəfdaşlarla əlaqələr qurmaq idi. Bu baxımdan İslam dünyası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına üzv qəbul olundu. Sonradan İslam Əməkdaşlıq Təşkilatı adlandırılan bu qurum müsəlman dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm beynəlxalq platformadır.
Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti, ilk növbədə, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi, üzv dövlətlərlə qarşılıqlı dəstəyin gücləndirilməsi və regional problemlərin beynəlxalq hüququn prinsipləri əsasında həlli məsələləri ilə bağlı olub. Qarabağ münaqişəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilməsi, Ermənistanın işğalçılıq siyasətinin təşkilatın sənədlərində əks olunması bu əməkdaşlığın siyasi əhəmiyyətini göstərən amillərdəndir.
Bununla yanaşı, İƏT ilə münasibətləri yalnız münaqişələr və siyasi bəyanatlar çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Təşkilat üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və investisiyaların təşviqi, ərzaq təhlükəsizliyi, elm, təhsil, səhiyyə və humanitar əməkdaşlıq üçün də imkanlar yaradır.
Azərbaycanın xarici siyasətində bu istiqamətlərin uzlaşdırılması ölkənin həm müsəlman dövlətləri ilə ənənəvi əlaqələrini qorumasına, həm də daha geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsində iştirakına şərait yaradır.
ICESCO mədəniyyət, elm və humanitar əməkdaşlıq platforması kimi
İƏT daha geniş siyasi və dövlətlərarası əməkdaşlıq platformasıdırsa, ICESCO təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində ixtisaslaşmış beynəlxalq təşkilatdır. Azərbaycanın bu qurumla əlaqələri milli mədəniyyətin beynəlxalq səviyyədə tanıdılması və İslam dünyasında elmi-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, 2022-ci ildə Azərbaycanla ICESCO arasında imzalanmış birgə fəaliyyət planı sülh mədəniyyətinin təşviqi, tolerantlığın möhkəmləndirilməsi, mədəni irsin qorunması və Forumun birgə təşkilini əhatə edirdi.
ICESCO ilə münasibətlərin inkişafında Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi önəm mühüm yer tutur. Bakı Prosesi çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları bu əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir.
Bu əməkdaşlıq Azərbaycanın özünü müxtəlif mədəniyyətlər arasında dialoq və qarşılıqlı anlaşma məkanı kimi təqdim etməsi üçün də imkan yaradır. Müasir dünyada dini və mədəni fərqlərin bəzən qarşıdurma vasitəsinə çevrildiyi bir şəraitdə Azərbaycan təcrübəsinin beynəlxalq müzakirələrə çıxarılması ölkəmizin humanitar diplomatiyasının mühüm istiqamətidir.
Şuşanın 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi də bu baxımdan diqqətəlayiq hadisədir. Bu status Azərbaycanın zəngin mədəni irsinin təqdim olunması, Qarabağın tarixi-mədəni məkan kimi tanıdılması və regionda bərpa işlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlavə imkanlar yaratdı.
Münasibətlərin digər mühüm istiqaməti təhsildir.
2026-cı il fevralın 17-də ICESCO-nun baş direktoru ilə Azərbaycanın elm və təhsil naziri arasında keçirilən görüşdə elmi tədqiqatlar, bilik mübadiləsi, universitetlərarası əlaqələr və tələbə mübadiləsinin genişləndirilməsi müzakirə olunub. Bu, əməkdaşlığın ənənəvi mədəni tədbirlərlə məhdudlaşmadığını, müasir elmi inkişaf və insan kapitalı məsələlərini də əhatə etdiyini göstərir.
Beləliklə, ICESCO ilə əlaqələr Azərbaycanın İslam dünyasında mədəni və elmi əməkdaşlığa töhfə verməsini, milli irsini tanıtmasını və humanitar təşəbbüslərini beynəlxalq müstəviyə çıxarmasını təmin edən istiqamətlərdən biridir.
İslam həmrəyliyi və milli maraqların uzlaşdırılması
Azərbaycanın İƏT və ICESCO ilə münasibətlərinin əsas xüsusiyyətlərindən biri milli maraqlarla ortaq humanitar dəyərlərin uzlaşdırılmasıdır. Ölkəmiz İslam dünyasının bir hissəsi olmaqla yanaşı, Avropa institutları, beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə də əməkdaşlıq edir.
Bu yanaşma Azərbaycanın xarici siyasətində mühüm imkanlar yaradır. Bir tərəfdən, müsəlman dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələr inkişaf etdirilir, digər tərəfdən, dinlər və mədəniyyətlər arasında dialoq təşviq olunur. Bu iki istiqamət biri-birini istisna etmir, əksinə, düzgün qurulduqda qarşılıqlı şəkildə biri-birini tamamlayır.
İslam həmrəyliyinin real məzmun qazanması üçün isə təkcə ortaq dini və tarixi bağlar kifayət etmir. Həmrəyliyin konkret nəticələri iqtisadi əməkdaşlıqda, təhsil imkanlarının genişləndirilməsində, texnoloji biliklərin paylaşılmasında, humanitar problemlərin həllində və beynəlxalq hüququn prinsiplərinə ardıcıl münasibətdə özünü göstərir.
Təsadüfi deyil ki, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin qəbulunda olarkən təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Səlim bin Məhəmməd əl-Malik bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd edib, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxunub.
Heydər Əliyev Fondu və Leyla Əliyevanın İslam həmrəyliyinə töhfələri
Azərbaycanın İslam dünyası ilə humanitar əlaqələrinin genişləndirilməsində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti mühüm yer tutur. Təhsil, mədəniyyət, elmin inkişafı və ətraf mühitin qorunması sahələrində həyata keçirilən layihələr bu əməkdaşlığın konkret nəticələrini nümayiş etdirir.
Əməkdaşlığın mühüm mərhələsi 2024-cü il mayın 11-də Şuşada Heydər Əliyev Fondu ilə ICESCO arasında memorandumun imzalanması olub. Sənəd mədəniyyət, elm, təhsil, yeni texnologiyalar, ətraf mühit və sosial sahələrdə birgə layihələri və təcrübə mübadiləsini nəzərdə tutur.
Əməkdaşlığın konkret nümunələrindən biri Burkina-Fasoda qızların təhsilinə dəstək layihəsidir. 2024-cü il oktyabrın 14-də ICESCO-nun Mərakeşin Rabat şəhərindəki qərargahında imzalanan sazişə əsasən, layihə Kaya, Uahiqouya, Qaua və Banfora şəhərlərində 20 məktəbin lazımi sanitariya şəraiti ilə təmin edilməsini, 500 məcburi köçkün və internat məktəbində təhsil alan qızın təhsil nəticələrinin yaxşılaşdırılmasını, 120 qızın isə peşə və rəqəmsal bacarıqlarının inkişafını hədəfləyirdi.
Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin ICESCO ilə əməkdaşlığı da diqqət çəkir. 2024-cü il noyabrın 19-da COP29 çərçivəsində IDEA ilə ICESCO arasında iqlim dəyişiklikləri, biomüxtəlifliyin qorunması, su və ərzaq təhlükəsizliyi, torpaqların deqradasiyasına qarşı mübarizə və gənclərin ekoloji təşəbbüslərə cəlb edilməsi sahələrində əməkdaşlıq sazişi imzalanıb.
Bu faktlar göstərir ki, Heydər Əliyev Fondunun və Leyla xanım Əliyevanın beynəlxalq fəaliyyəti yalnız mədəni əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır. Təhsilə çıxışın yaxşılaşdırılması, qızların bacarıqlarının inkişafı və ekoloji problemlərin həlli kimi istiqamətlər də əməkdaşlığın mühüm komponentləridir.
2027-ci ildə Azərbaycanın üzərinə düşən məsuliyyət
Azərbaycan–İƏT münasibətlərinin gələcək inkişafı baxımından 2027-ci il xüsusi əhəmiyyət daşıyır. İƏT-in rəsmi məlumatına əsasən, təşkilatın XVI İslam Zirvə Konfransının 2027-ci il iyunun 23–24-də Bakıda keçirilməsi nəzərdə tutulur. Azərbaycanın təşkilata sədrliyi də bu dövrün əsas siyasi hadisələrindəndir.
Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı olmaqla yanaşı, konkret nəticələr əldə etmək üçün də mühüm fürsətdir. Şübhəsiz ki, Zirvə görüşünün əhəmiyyəti yalnız iştirakçıların sayı və keçirilən görüşlərlə deyil, qəbul edilən qərarların icrası və sonrakı əməkdaşlığın səmərəliliyi ilə ölçüləcək.
Azərbaycanın İƏT və ICESCO ilə münasibətləri ölkəmizin xarici siyasətində bir-birini tamamlayan iki mühüm istiqaməti ifadə edir. İƏT siyasi, iqtisadi və dövlətlərarası əməkdaşlıq üçün geniş platforma yaradır, ICESCO isə elm, təhsil, mədəniyyət və humanitar əlaqələrin inkişafına xidmət edir.
Çünki həqiqi həmrəylik yalnız ortaq dəyərləri xatırlamaq deyil, çətinliklər qarşısında qarşılıqlı dəstək göstərmək, inkişaf üçün imkanlar yaratmaq və gələcək nəsillər qarşısında ortaq məsuliyyəti bölüşməkdir. Azərbaycanın İƏT və ICESCO ilə əməkdaşlığının əsas məzmunu da məhz bu prinsiplərin konkret fəaliyyətə çevrilməsində özünü göstərir.
Surxay Atakişiyev, Bizim.Media