
Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası ilə bağlı Binə qəsəbəsində evlərin söküntüsünə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, Bakıxanov-Binə-Qala xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb:
"Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri, qeyri-yaşayış obyektləri və torpaq sahələri üzrə 300 mülkiyyətçi qeydiyyata alınıb, onlardan 250-dən çoxu ilə müvafiq protokollar imzalanıb, 200-dən çox mülkiyyətçiyə kompensasiya ödənilib. Proses davam edir".
Açıqlamada qeyd olunub ki, Dövlət Proqramına əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası layihəsinin icra müddəti 2026-2028-ci illəri əhatə edir:
"ADY tərəfindən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan dəmiryol layihələrinin icrası davam etdirilir. Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək xətlərinin yenidən qurulması üzrə işlər aparılır".
Bizim.Media