Son günlər məktəblərdə hicab qadağası ilə bağlı süni şəkildə yaradılan ajiotaja baxdıqca həm təəccüblənir, həm də təəssüflənirəm.
Təəssüflənirəm ona ki, çoxlarımız müasir evlərdə yaşasaq da, bahalı avtomobillərdə gəzsək də, təfəkkürümüz çox dəyişməyib. Zehniyyətimiz, təfəkkürümüz hələ də 150-200 il bundan əvvəldə qalıb.
MÖVZU İLƏ BAĞLI:
Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ
Ən pisi də odur ki, yanlış düşüncədə olduğumuzu bilsək də, bunu dəyişmək əvəzinə, eybimizi ört-basdır etmək üçün müxtəlif bəhanələr uydururuq, səbəblər gətiririk.
Guya ki, bizim üçün əsas olan dünyəvi yox, dini dəyərlərdir.
Ən pisi də odur ki, önə çıxardığımız dini dəyərlər 1500 il əvvəl bədəvi ərəbləri insanlığa, inkişafa dəvət etmək üçün təklif edilən vasitələrdir. O zaman təklif edilən qaydalar həmin dövr üçün inqilabi yenilik idi. Və sözün tam mənasında qiymətli tövsiyələr idi. Çünki ərəblər qumlu çöllərdə aylarla yuyunmurdular, yarımvəhşi bir həyat yaşayırdılar. Onlar üçün heç bir dəyər yox idi. Yerli ənənələr bugünkü prizmadan baxanda olduqca dəhşətli görünürdü.
Amma İslam dininin yarımadada bərqərar olması ilə bir çox iyrəncliklər aradan qalxdı. Və tədricən İslam dininin gözəlliyi digər bölgələrə yayıldı. Zamanla onlarla xalq bu dini qəbul etdi, bu dinin gözəlliklərindən bəhrələndi.
Çox təəssüf ki, sonrakı yüzillikdə İslam dəyərlərində heç bir islahat, yenilənmə aparılmadı. Bir də ayılıb baxdıq ki, İslam artıq inkişafın yox, cəhalətin bir alətinə çevrilib.
Cəhalətə etiraz edən ilk xalq isə bəlkə də biz olduq.
Biz Türk hissiyyatlı, İslam etiqadlı, Avropa qiyafəli bir xalq olmaq istəyirdik.
Bu mübarizənin toxumları XIX əsrdə səpildi. XX əsrin əvvəllərində isə artıq bu təfəkkürə sahib nəsil yetişmişdi.
Təsadüfi deyil ki, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda da bu prinsiplər yeni dövrün əsas çağırışı oldu. Bu istək ilk növbədə müqəddəs üçrəngli bayrağımızda təsbit olundu.
Sələflərimiz bununla da kifayətlənmədi. İslam və Türk dünyasında ilk, dünyada isə üçüncü dövlət olaraq qadına böyük hüquqlar tanıdı. Artıq Azərbaycanda qadınlar seçmək və seçilmək hüququ qazanmışdı. Bütün qızlar təhsilə cəlb olunmuşdu. Və inqilabi inkişaf prosesində qadınlarımız çadradan, hicabdan imtina etdi. Bu o dövr üçün bir sosial sifariş idi.
Maraqlıdır ki, çadradan imtina Azərbaycan tarixində, mədəniyyətində dərin bir iz buraxdı. Təsadüfi deyil ki, bu hadisə hətta heykəlləşdi.
Bu gün paytaxtın mərkəzi küçələrindən birində “Azad qadın” heykəli ucalır.
Bu gün Azərbaycan qadını elmlə, siyasətlə və müxtəlif sahələrlə məşğul olur. Bu gün Azərbaycan qadının hədəfi dünyada daha böyük miqyasda təqdim və təmsil olunmaqdır.
Bəs elə isə bu qədər mübarizədən, uğurlardan sonra Azərbaycan qadınını yenidən çadraya, hicaba və niqaba bürümək təşəbbüsü nə qədər ağılabatan və məntiqlidir?
Doğrudanmı, bu gün azərbaycanlı qızlar üçün hicab bu qədər vacibdir?!
Axı o qızcığazlar heç geyindikləri hicabın mahiyyətini dərk eləmirlər... Bəs elə isə dərk olunmayan bir fikrin zorla tətbiqi o qızcığazlara hansı fayda verə bilər?
Tanıdığım bir ailə var. Valideynlər uşaqlarını hicab geyinməyə məcbur etmişdilər. O evin ən böyük qızı repetitor yanına getmədən bu il ali məktəbə qəbul oldu. Amma ata qızının dünyəvi universitetdə oxumasına icazə vermədi. Və siz o qızın indiki halını düşünün...
Axı, bu İslami dəyər və İslami öhdəliklər deyil. Unutmayaq ki, İslam dinin yaradıcısı Məhəmməd Peyğəmbər hər zaman deyirdi ki, “beşikdən qəbr evinədək oxuyun, öyrənin”.
Həzrət Əli isə elmi Peyğəmbərin mirası adlandırırdı. Və elmin dalınca uzaq Çinə belə getməyi vacib sayırdı.
Amma nə Peyğəmbər, nə də Əhli-Beyt demirdi ki, elm dalınca ancaq oğlanlar getməlidir.
Bu gün isə bəzi cahil soydaşlarımız adından istifadə etdikləri İslamın yaradıcılarının əleyhinə gedirlər. Qızlara arzuların göyərçini kimi yox, şəxsi əşya, mal kimi baxırlar.
Bu cür yanaşma ancaq 1500 il əvvəl olub. Bu gün məktəbə gedən qızcığazlar heç kimin şəxsi malı deyil, sadəcə xalqın və dövlətin gələcəyidir. Bu gün hər birimiz çalışmalıyıq ki, gələcəyimiz diqtələrlə, qadağalarla yox, azad və daha savadlı şəkildə böyüsün.
Əgər qızlarımızın savadlı olmasını istəyiriksə, o zaman ilk növbədə təhsil verənin dediklərini eşitməliyik. Necə ki, bir zamanlar ata-babamız övladını müəllim yanına aparanda ilk sözü bu olurdu: “əti sənin, sümüyü mənim”.
Bəs nə oldu həmin yanaşmaya?
Deməli, “torbada pişik var”. Azyaşlı qızların hicab geyinməsində valideynlərdən daha çox onları buna təzyiq edən qüvvələrin marağı var. Bax, aranı qarışdıran da, vətəndaşla dövlət arasında etimadsızlıq yaratmaq istəyən də məhz həmin bədnam qüvvələrdir.
Məktəbli forması niyə vacibdir?
Vahid məktəbli forması sosial sifarişdir. Çünki bu qaydanın tətbiqi sosial ədalətsizliyi, ayrı-seçkiliyi aradan qaldırır. Eyni zamanda şagirdləri və valideynləri daha məsuliyyətli olmağa vadar edir.
Bu gün polisin, həkimin, əsgərin, hakimin, yanğınsöndürənin, ədliyyə işçisinin və hətta çobanın da öz geyim forması var. Belə olan təqdirdə şagird və müəllimlərin də vahid forma geymələrində pis nə var ki?!
Məktəbdənkənar kimin nə geyindiyi axı heç kimi maraqlandırmır. Ölkəmizdə nə hicab, nə çarşab, nə niqab, nə də burqa qadağası var. Hər kəs şəxsi həyatında istədiyi kimi geyinə bilər.
Deməli hansısa xarici qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaq istəyir. Kimlərsə bəzi təşkilatları fakt yox, şərt qarşısında qoymaq istəyir. Və görünən odur ki, cahil soydaşlarımız bu şərtləri ilə təkcə ictimai asayişi pozmur, həm də övladlarının taleyi ilə çox qorxunc şəkildə oynayırlar.
Bədnam qüvvələrinsə hədəfi İslam dəyərlərinin inkişafı deyil. O, qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyin olmasını istəmirlər. Səbəbsə çox sadədir. 44 günlük müharibədən sonra qüdrətlənən və regional gücə çevrilən Azərbaycanın beynəlxalq aktora çevrilməsindən bəzi dövlətlər çox narahatdır. Məsələ bax, bu qədər sadədir.
Surxay Atakişiyev, Bizim.Media