Noyabrın 12-də jurnalistikada öz dəsti-xətti ilə seçilən jurnalist Mirşahin Ağayevin 50 yaşı tamam oldu. Bu münasibətlə onu ölkənin tanınmış ictimai xadimləri, siyasətçilər, həmkarları və tanınmış şəxslər, həmçinin Şeyx Allahşükür Paşazadə təbrik edib, fəaliyyətində uğurlar arzulayıblar. Təbrik edənlərin sırasına qoşulan deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında məşhur jurnalistlə bağlı öz fikirlərini bölüşdü.
Z.Oruc qeyd etdi ki, Mirşahin haqda danışmağı özünə borc bilir və onu müstəqillik jurnalistikasında yeni bir məktəb hesab edir. Deputatın fikrincə, Mirşahin Qarabağ müharibəsi zamanı çəkilişləri, fərqli çıxışları, süjetləri, özünəməxsusluğu ilə seçilib.
“Tam əminliklə söyləməliyik ki, bu gün həqiqətən Mirşahin 50 yaşına gəlib çatarkən onun həyatı, şəxsi ömrü xeyli dərəcədə millətin həyatına qarışıbdır. Bu mənada mən Azərbaycan müstəqil jurnalistikasında Mirşahinin yerini xüsusi vurğulamaq istəyirəm.
Onun müsbət keyfiyyətlərini qabarıq şəkildə sadalamaq asandır. Çünki bütün bunlar gözümüzün qabağında baş verib. Müstəqilliyin qazanılması, Azərbaycanın müharibə dövrü Mirşahin jurnalistikasının qələmi və kamerası ilə yazıldı. Mirşahin yeni fikir istehsal etdi, jurnalistikanın boz-bulanıq çərçivələrini sındırdı, qorxmaz və cəsarətli reportajlar hazırladı. O, kiminsə fərdi arxivini yaratmadı, millətin tarixini yazdı,”-deyə deputat vurğuladı.
Onun sözlərinə görə, Mirşahin gənc jurnalistlərə bir müəllim olub: “Onun sözdən mənzərə yaratmaq qabiliyyəti, hər dəfə yazılarında, reportajlarında yeni gedişlər etmək bacarığı, sözü məna ilə düzməyi, yeni trayektoriyalar cızmağı jurnalist istedadının nəticəsidir. O təkcə təmsil olunduğu telekanalın əməkdaşlarına deyil, jurnalistikaya gələn hər kəsə yazmağı - yaratmağı öyrətdi. Gənc jurnalistlər onu özünə müəllim sayırlar”.
Z.Oruc Mirşahinə yenidən müharibə jurnalistikasını qayıtmağı arzuladı: “Bu dəfə Qarabağda qalibiyyət döyüşlərindən süjetlər hazırlamağı, canlı reportajlar təqdim etməyi ona arzulayıram. Mirşahini təbrik edirəm”.