Antalyanın Serik rayonunda həyat yoldaşına ad günü sürprizi etmək istəyən kişi silahlı hücuma məruz qalıb.
Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, Mehmet Kadir E. əvvəlcədən sifariş verdiyi tortu götürərək avtomobilinə tərəf gedərkən güllələnib.
Ayağından yaralanan kişi xəstəxanaya yerləşdirilib.
Zərərçəkən bildirib ki, hücumu həyata keçirən şəxslə əvvəllər aralarında ədavət olub. Onun sözlərinə görə, hücum edən şəxs ikinci dəfə atəş açmaq istəsə də, silahda nasazlıq yarandığı üçün planını həyata keçirə bilməyib.
“Öldürmək məqsədilə gəlmişdi. Silahın tutulması sayəsində sağ qaldım”, - deyə o qeyd edib.
Hadisə zamanı avtomobildə gözləyən həyat yoldaşı N.E. isə silah səslərini eşidən kimi hadisə yerinə qaçdığını bildirib. Onun sözlərinə görə, hücumu törədən şəxs qaçarkən ona da iki dəfə atəş açıb, lakin güllələr hədəfə dəyməyib.
Qadın ərinin sağ qalmasının onlar üçün ən böyük təsəlli olduğunu vurğulayıb.
Faktla bağlı araşdırma aparılır, hücumu reallaşdıran şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media