“İran Ukrayna təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması ilə bağlı istintaq barədə hesabat təqdim etmək üçün hər cür səy göstərir.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
"Bu istiqamətdə işlərin şəffaf şəkildə irəliləməsini təmin etmək üçün hər cür səy göstəririk. Lakin mövzu asan deyil, çox mürəkkəbdir. Bu mövzu ilə müxtəlif strukturlar məşğul olur."
Onun sözlərinə görə, yaxın günlərdə texniki hesabat dərc olunaraq Ukrayna və digər tərəflərə təqdim olunacaq.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus, BOEİNG 737-800 təyyarəsi , yanvarın 8-i səhər tezdən Tehranın hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində 176 nəfər həlak olub. Onların arasında Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub.
İran tərəfi qəzanın səbəbinin insan amili olduğunu açıqlayıb. Bildirilib ki, təyyarə hərbi obyektin yaxınlığında uçduğuna görə onu "qanadlı raket" ilə səhv salıblar.
Qeyd edək ki, hadisəyə görə Ukrayna Prezidenti Vladimir Zelenski, İrandan günahın tam etiraf edilməsini, rəsmi üzr istəməsini, cavabdeh şəxslərin cəzalandırılmasını və təzminat ödənilməsini tələb edib.
Bizim.Media