Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiondakı hərbi bazalarına qarşı silsilə hücumlar həyata keçirdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, SEPAH-ın məlumatına görə, İordaniyadakı Amerika aviabazasında raket anbarları, Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektləri hədəf alınıb.
Xüsusilə, Küveytdəki bazalarda ABŞ-yə məxsus "Patriot" zenit-raket kompleksləri və FPS radar sistemlərinin məhv edildiyi iddia olunur.
Buna cavab olaraq, Amerika hərbi qüvvələri İran ərazisindəki hərbi obyektlərə və Hörmüz boğazında yerləşən Keşm adasına zərbələr endirib. İranın IRNA agentliyinin yaydığı məlumata görə, ABŞ-nin Xuzistan əyalətindəki nasos stansiyasına endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Agentlik hazırda digər tələfatlar və dəyən zərərlə bağlı əlavə təfərrüat verməyib.
İran və ABŞ arasındakı bu hərbi qarşıdurma qlobal enerji bazarlarını dərhal təsiri altına alıb. Gərginliyin artması ilə yanaşı, "Brent" markalı neftin qiyməti 3%-dən çox bahalaşaraq 78 dolları ötüb.
Ekspertlər bildirirlər ki, tərəflərin qarşılıqlı zərbələri davam edəcəyi təqdirdə, enerji daşıyıcılarının qiymətində daha kəskin artımlar və regional təhlükəsizlik böhranının dərinləşməsi qaçılmazdır.
Bizim.Media