Pilləkənlə müntəzəm qalxan insanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı bu vərdişə daha az üstünlük verənlərlə müqayisədə 39 faiz aşağı ola bilər. Yeni araşdırma hətta qısa müddətli fiziki hərəkətin də sağlamlığa fayda verə biləcəyini göstərib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Şərqi İngiltərə Universiteti və Norfolk və Norviç Universitet Xəstəxanasının alimləri 480 mindən çox insanın iştirak etdiyi doqquz araşdırmanın nəticələrini təhlil ediblər.
İştirakçıların yaşı 35-84 arasında olub və onların 14 il ərzində sağlamlıq göstəriciləri izlənilib.
Nəticələrə görə, müntəzəm olaraq pilləkənlə qalxan insanların ürək-damar xəstəliklərindən ölmə riski 39 faiz, hər hansı səbəbdən ölüm riski isə 24 faiz daha aşağı olub. Bu şəxslərdə infarkt, insult və ürək çatışmazlığı kimi ciddi ürək-damar xəstəliklərinə tutulma ehtimalının da daha az olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar bildirirlər ki, pilləkənlə qalxmaq idman zalına getmək və ya xüsusi məşq etmək üçün vaxtı olmayan insanlar üçün gündəlik fiziki hərəkəti artırmağın sadə yollarından biridir.
İşdə, evdə və ya küçədə lift əvəzinə pilləkəndən istifadə etməklə belə hərəkəti gündəlik həyata daxil etmək mümkündür.
Araşdırmaya daxil edilən əvvəlki nəticələrdən birində gündə təxminən altı mərtəbə pilləkən qalxmağın daha böyük fayda verə biləcəyi göstərilib. Lakin alimlər sağlamlıq üçün ideal pilləkən sayını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Mütəxəssislər qeyd edirlər ki, pilləkənlə qalxmaq hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə hərəkət və ya oynaq problemi olan insanların fiziki aktivliklə bağlı fərdi vəziyyətlərini nəzərə almaları vacibdir.
Bizim.Media