ABŞ-ın dövlət rəhbərliyi tarixində ilk dəfə olaraq Ağ Evin rəsmi iqamətgahı irimiqyaslı və qaydasız döyüş (MMA) arenasına çevrilib. ABŞ Prezidenti Donald Tramp özünün 80 illik yubileyini və ABŞ-ın müstəqilliyinin 250 illiyini Ağ Evin Cənub qazonunda təşkil olunan xüsusi idman şousu ilə qeyd edir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə "UFC Freedom 250" turniri üçün üzərində nəhəng konstruksiya olan xüsusi "oktaqon" (səkkizbucaqlı döyüş qəfəsi) quraşdırılıb.
Ağ Evin tarixində görünməmiş mənzərə
Trampın yaxın dostu, UFC rəhbəri Dana Vayt tərəfindən təşkil olunan gecədə ümumilikdə 7 döyüşün keçirilməsi planlaşdırılıb. Əsas döyüşdə yüngül çəkidə çempionluq titulu uğrunda İliya Topuriya ilə Castin Qeyci üz-üzə gələcək.
Prezident iqamətgahının həyətində 4 mindən çox qonaq (əsasən ABŞ hərbçiləri və rəsmi şəxslər) üçün tribunalar qurulub. Eyni zamanda, Vaşinqtonun mərkəzi meydanlarında və Milli Parkda ("National Mall") quraşdırılan nəhəng ekranlar vasitəsilə 120 mindən çox insanın bu şounu canlı izləyəcəyi gözlənilir.
Ulduzlar gəlməkdən imtina etdi, yubiley "Tramp şousu"na çevrildi
Tədbirin rəsmi proqramına təkcə UFC döyüşləri deyil, həmçinin ABŞ Bayrağı Günü münasibətilə yarmarkalar, motokros kaskadyorlarının kəskin tərzi şouları və müxtəlif sənətçilərin çıxışları daxil edilib.
Lakin ABŞ mətbuatının yazdığına görə, dəvət olunmuş bir çox tanınmış ulduz və sənətçi tədbirdə iştirak etməkdən son anda imtina edib. Onlar dövlət əhəmiyyətli bayramın çox açıq şəkildə "Trampın şəxsi şousu"na və piar kampaniyasına çevrilməsindən narahatlıqlarını ifadə ediblər.
Bununla belə, Ağ Ev rəsmiləri proqramın plan üzrə davam etdiyini bəyan ediblər. Hazırda turnirin gedişatına mane ola biləcək tək amil Vaşinqtonda gözlənilən güclü ildırımlı yağış və fırtına ehtimalıdır.
Bizim.Media