Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, məlumata görə, Mərdəkan qəsəbəsindən gələn 60 yaşlı Adıgözəl Məmmədov liftin qarşısında 31 yaşlı gəlini Gülüzar Məmmədova ilə qarşılaşıb.
Onların arasında yaranan mübahisə zamanı Adıgözəl Məmmədov gəlininə xəsarətlər yetirərək onu liftin içərisində qətlə yetirib. Daha sonra hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
"Övladım mənə zəng etdi. İşdə idim. Dedi ki, liftin qapısı açılan zaman içəridə qan içində meyit görüblər. Onlar bir yerdə yaşamırdılar. Gəlin uşaqları ilə yaşayırdı. Qayınana ona dəstək olmaq üçün yanında qalırdı. Qayınata isə Mərdəkanda yaşayırdı", - qonşulardan biri deyib.
Digər qonşu isə bildirib:
"Aşağıda qonşulardan biri dedi ki, adam öldürüblər. Əvvəl inanmadım. Sonra gördüm ki, polis ərazini mühasirəyə alıb. Aşağıya düşəndə qadının liftdə uzandığını gördüm. Ətrafda qan izləri var idi. Onun bıçaqla, yoxsa balta ilə qətlə yetirildiyini bilmədim".
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bizim.Media