Rusiyanın Stavropol diyarının Nevinnomıssk şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə bölgə qubernatoru Vladimir Vladimirov məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Nevinnomıssk yaxınlığında PUA hücumunu dəf edib. O bildirib ki, hadisə nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.
Bununla yanaşı, Ukraynanın “Exilenova+” monitorinq teleqram kanalı dronların “Nevinnomısski Azot” kimya zavoduna zərbə endirdiyini yazıb. Yerli sakinlərin yaydığı görüntülərdə müəssisə üzərində yanğın işartılarının müşahidə olunduğu bildirilir. Hələlik bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Rusiya teleqram kanalları da Stavropol diyarındakı kimya kombinatının hücuma məruz qaldığını və müəssisədə yanğın baş verdiyini qeyd edib.
Monitorinq kanallarının məlumatına görə, “Nevinnomısski Azot” zavodu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən azı altı dəfə PUA hücumuna məruz qalıb.
Qeyd edək ki, “Nevinnomısski Azot” Rusiyanın cənubundakı ən iri kimya sənayesi müəssisələrindən biridir və “EuroChem-Azot” holdinqinə daxildir. Zavod həm aqrokimya sahəsində istifadə olunan, həm də hərbi məqsədlər üçün əhəmiyyət daşıyan kimyəvi məhsullar istehsal edir.
Bizim.Media