Azərbaycanın qərbində bir Avropa kəndi: Göygöldə sirli alman mirası - FOTO

Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların, fərqli dinlərin və millətlərin dinc bərabər yaşadığı, bir-birinin mədəniyyətinə hörmətlə yanaşdığı unikal bir coğrafiyadır. Ölkəmizin zəngin tarixi abidələr xəritəsinə nəzər saldıqda islam mədəniyyəti abidələri ilə yanaşı, qədim alban kilsələrini, pravoslav və katolik ibadətgahlarını, yəhudi sinaqoqlarını görmək mümkündür.

Bizim.Media -nın yerli bürosu bu rəngarəngliyin daxilində Avropa memarlıq üslubunu Azərbaycana gətirən və alman mədəniyyətinin silinməz izini daşıyan bir abidə haqqında danışacaq: Göygöl şəhərinin mərkəzində ucalan Müqəddəs İohann lüteran kilsəsi haqqında.

Almanların Azərbaycana necə gəlib?

XIX əsrin əvvəllərində Almaniyanın Vürtemberq krallığında yaşanan iqtisadi çətinliklər, dini təzyiqlər və Napoleon müharibələrinin fəsadları yerli əhalini yeni torpaqlar axtarmağa məcbur edib. Rusiya imperatoru I Aleksandrın xüsusi fərmanı ilə alman ailələrinin Qafqaza köçürülməsinə icazə verilib.
 

1819-cu ilin yazında Gəncə qəzasının Xanarxlar adlı ərazisinə gəlib çatan ilk alman ailələri burada özlərinə yeni yurd salıblar. Bu məskən imperator ailəsinin üzvü Yelena Pavlovnanın şərəfinə Helenendorf (hazırkı Göygöl şəhəri) adlandırılıb. İşgüzarlığı ilə seçilən almanlar qısa müddətdə burada üzümçülük, şərabçılıq, sənətkarlıq və kənd təsərrüfatını yüksək səviyyəyə qaldıraraq bölgənin iqtisadi simasını dəyişiblər.


Göygöl mədəniyyət idarəsinin turizm bələdçisi Raul Abbaszadə Bizim. Media-nın yerli bürosuna verdiyi məlumata görə Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb.

“Həmin dövrdə rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, 6 küçə salınıb. Küçədə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib. Bu gün isə onlardan dövrümüzə qədər gəlib çatan taxta eyvanları, oyma sənəti ilə işlənmiş evlər, sakit və təmiz küçələr, gözəl təbiəti ilə seçilən Göygöl şəhəridir. Burada alman arxitekturası ilə tikilən və bu günümüzə qədər qorunub saxlanan binalar hələ də var. Bunlardan biri də o dövlərdə alman kolonistləri tərəfindən inşa edilən kilsədir" deyə R.Abbaszadə əlavə edib.

İnancın və birliyin rəmzi: İlk Lüteran Kirxası

Dini inanclarına dərindən bağlı olan alman icması üçün müntəzəm ibadət və dini ayinlərin icrası mühüm əhəmiyyət kəsb edirdi. Helenendorfun yaradılmasının ilk illərində sakinlər ibadətlərini kiçik dua evlərində yerinə yetirirdilər. Lakin icma böyüdükcə daha böyük və əzəmətli bir kilsənin inşası zərurətə çevrildi.

Kilsənin inşasına 24 aprel 1854-cü ildə start verildi. Tikintinin maliyyələşməsində və fiziki işlərində koloniyanın bütün sakinləri könüllü olaraq iştirak edirdilər.

Toplanılan ianələr hesabına düz üç il davam edən tikinti işlərindən sonra, 10 mart 1857-ci ildə Azərbaycanda ilk alman lüteran kilsəsi – Müqəddəs İohann (St. Johannes) kirxası təntənəli şəkildə dindarların istifadəsinə verildi.

Avropa memarlıq üslubu Göygöldə

Müqəddəs İohann kilsəsi təkcə dini obyekt deyil, o həm də dövrünün yüksək mühəndislik və memarlıq incisidiri. Binanın inşasında klassik Avropa neoqotika memarlıq üslubundan istifadə olunmuşdur. Yerli tuf daşından hörülən divarlar, iti uclu pəncərə tağları və göyə ucalan qülləsi binaya xüsusi bir əzəmət bəxş edir.

Kilsənin daxili akustikası mükəmməl şəkildə layihələndirilib. Zamanında kilsənin daxilində Almaniyanın məşhur "E. F. Walcker & Cie" şirkətinə məxsus qədim orqan musiqi aləti yerləşirdi və dini ayinlər bu orqanın sədaları altında icra olunurdu. Kilsə qülləsində yerləşdirilən və bu gün də işlək vəziyyətdə olan mexaniki saat isə Helenendorfun səliqəsini və vaxta verdiyi dəyəri simvolizə edirdi.

Müharibənin pozduğu dinclik

Kilsə təxminən 84 il boyunca bölgədəki almanların dini, mədəni və ictimai mərkəzi kimi fəaliyyət göstərdi. Burada nikahlar kəsilir, uşaqlar xaç suyuna salınır, şəhər xorunun məşqləri keçirilirdi. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə bu ahəngdar həyata son qoyuldu.

1941-ci ilin oktyabrında Sovet rəhbərliyinin qərarı ilə Azərbaycanda, o cümlədən Göygöldə yaşayan bütün almanlar bir neçə gün ərzində Qazaxıstana və Sibirə sürgün edildilər. Sahibsiz qalan Müqəddəs İohann kilsəsi fəaliyyətini dayandırdı. Sovet İttifaqı dövründə dinə qarşı yürüdülən siyasət nəticəsində kilsənin daxili interyeri zərər gördü, bina fərqli illərdə hərbi hospital və idman zalı kimi istifadə edilərək təyinatından uzaqlaşdırıldı.

Müstəqillik illəri: Alman irsinə dövlət qayğısı

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə ərazisindəki bütün tarixi-dini abidələrin, o cümlədən digər xalqlara məxsus irsin bərpası və qorunması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi.

Göygöldəki alman izləri və Müqəddəs İohann kilsəsi də bu diqqətdən kənarda qalmadı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarı ilə kilsə binası dövlət tərəfindən yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi qeydiyyata alındı və burada Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi təşkil olundu.
 

2008-ci ildə Azərbaycan dövlətinin təşəbbüsü və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə binada genişmiqyaslı bərpa işləri aparıldı. Kilsənin dam örtüyü, qədim pəncərələri və fasadı orijinal bədii-memarlıq görünüşünə qaytarıldı. Almaniyadan gələn saat ustası qüllədəki tarixi mexaniki saatı təmir edərək yenidən işə saldı.


Bu gün Müqəddəs İohann kilsəsi Göygöl şəhərinin vizit kartlarından biridır. Muzey kimi fəaliyyət göstərən binanın daxilində həm bölgənin qədim Tunc dövrünə aid arxeoloji tapıntıları, həm də alman kolonistlərinin məişət əşyaları, geyimləri, tarixi fotoşəkilləri və şərabçılıq alətləri nümayiş etdirilir.

Kilsə, ətrafındakı düz xətt boyunca salınan alman küçələri, özünəməxsus memarlığı olan 300-dən çox alman evi və Helenendorfun sonuncu sakini Viktor Kleynin ev-muzeyi ilə birlikdə vahid bir tarixi-turistik kompleks təşkil edir. Bura hər il minlərlə yerli və avropalı turisti cəlb edir.

Göygöl lüteran kilsəsinin qorunub saxlanması və uca səslə vuran qüllə saatı, Azərbaycan xalqının digər millətlərin tarixinə və dininə olan dərin hörmətinin, ölkəmizdəki tolerantlıq mühitinin bütün dünyaya nümayiş olunan canlı və əbədi mesajıdır.















Məqsəd Rəhimov,  Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

End of content

No more pages to load

RADİO