Cənubi Koreyanın məşhur BTS musiqi qrupu bir il ərzində “Spotify” platformasında 10 milyarddan çox dinlənmə toplayan ilk musiqi qrupu olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, BTS-in dinlənmə sayı 2025-ci ildəki 4,5 milyarddan iki dəfədən çox artıb. Buna əsas səbəb qrupun mart ayında təqdim olunan beşinci studiya albomu “Arirang” olub.
Taylor Swift, Ariana Grande və Bad Bunny kimi solo ifaçılar əvvəllər Spotify-da 10 milyard dinlənmə həddini keçsələr də, bu göstəriciyə çatan ilk musiqi qrupu BTS-dir.
Martın 20-də yayımlanan “Arirang” albomu Spotify-da 5 milyarddan çox dinlənmə toplayıb. Bu göstərici albomu 2026-cı ildə yayımlanan albomlar arasında ən çox dinlənənlərdən birinə çevirib. Albom təqdim olunduğu ilk gündə 110 milyondan çox dinlənmə əldə edib.
Qeyd edək ki, BTS qrupu 2013-cü ildə fəaliyyətə başlayıb. Qrup “Dynamite” və “Butter” kimi mahnıları ilə ABŞ-ın 100-lük hit-paradında birinci yerə yüksələrək Cənubi Koreya pop musiqisinin beynəlxalq populyarlığının artmasına töhfə verib.
Bizim.Media