MDB-nin bir struktur kimi siyasi yararsızlığı və sivil boşanma təşkilatı olması barədə deyilənlər zaman-zaman özünü doğruldub. Heç görmüsüzmü Rusiya ilə savaş aparan NATO,yaxud Avropa Birliyinin qərarları sadəcə konyunktura xarakterdə verilmiş olsun və nəticə etibarilə qərblilər əbəs yerə heç bir məqsədəuyğunluğu olmayan layihəyə böyük pullar sərf etsinlər?
Beynəlxalq hərbi və siyasi birliklərin çevrəsində formalaşan beyin mərkəzləri elə bir rejimdə fəaliyyət göstərir ki,onların hər bir addımında strateji məna və dərin konspirativ məqsədlər gizlənmiş olur. Bu məntiqdən çıxış edib Ermənistanın Gümrü şəhərini MDB-nin humanitar və ictimai məna ilə pərdələnmiş paytaxtı elan edənlərin hansı niyyəti əsas götürdüyünü müəyyənləşdirməyə çalışsanız, məntiq labirintində batıb qalacaqsınız.
Kiçik bir şəhərin hansı parametrlərə söykənərək bu adı qazanması müstəqil dövlətlərin daha da yaxınlaşdırılmasını və onu keçmiş sovet birliyinin alternativi kimi görən Rusiyanı reallıq hissindən məhrum tərəfə çevirir. Gümrü şəhərinin tarixinə varmadan yalnız onu demək olar ki, bu şəhər keçmişinə və malik olduğu azsaylı mədəniyyət abidələrinə görə yalnız türklərə borcludur. Üstəlik, orada salınan qoruqlar və yaxud hər-hansı dini obyektlər bütövlükdə götürdükdə dünyəvi səciyyə daşımadığından onlarla ölkənin hansı meyarla bu qədim şəhərə məhəbbətini sərgiləməsi bəlli olmur. Lakin bunlar onsuz da MDB-ni turist kontoruna çevirmiş insanlara o qədər də təsir etmir.Ən başlıcası ,Gümrünün müasir assosiasiyasının yalnız hərbi məzmun kəsb etməsini mədəniyyət elçilərinin hansı qrafaya yazmalarını başa düşməkdir.
1995-ci ildən Rusiyanın Qafqazlarda açıq hərbi istehkamı olan bu şəhər hazırda 102-ci hərbi baza adlanmaqla ən müasir hava hücumundan müdafiə qurğuları ilə təchiz olunub. Üstəlik, oraya son illər Soçi Olimpiadasının təhlükəsizliyinin qorunması adıyla “İskəndər” raketləri və son model MİQ-29 təyyarələri yerləşdirib. Təxminən 5000-dən artıq rus hərbçisi şəhərcik və qala təşkil edərək orada məskunlaşıblar
Bölgə erməni vətəndaşlarının nəzərində kurort zonasından və bir xalqı təqdim etməyə yararlı zəngin təbii sərvətlərdən məhrum olduğundan belə məlum olur ki,mdb-çilər yüzlərlə tədbiri yalnız ona görə bura salıblar rus geopolitikası üçün yeni siyasi fantaziyalar və hərbi üfüqlər açsınlar.Axı onlar bunu keçmişdə ediblər.Türkiyə ilə savaşdan əldə olunan Aleksandropol sonrakı dövrlər rus imperiyasının mühüm dayaqlarından birinə çevrilib.Hər zaman oranın coğrafi üstünlüklərini döyüş mövqeyinə və platsdarma döndərən şimal qonşumuz indi də Cənubi Qafqaza nəzarəti məhz burdan həyata keçirməyə çalışır.
Beləliklə, qarşıdakı ildə biz erməni “sivilizasiyası”nın qədimliyini,Nuh peyğəmbərin gəmisinin qalıqlarını və xristianlığın mənşəyi haqda yeni faktları MDB-nın təzə mədəniyyət paytaxtı olan Gümrüdən alacağıq.21-ci əsrin absurd teatrı davam edir.
Ermənilərin uydurduğu əfsanəyə görə erməni anası çoxuşaqlı acgöz oğlunu bu məhsuldar torpaqlara yaşamağa göndərmiş və guya o da gəlib Şirakın əsasını qoymuşdur. Hətta bu xəyali və cəfəng iddialara inansaq onda belə çıxır ki,Gümrünü paytaxt seçənlərin mədə niyyətləri onları Ermənistana gətirir. Elə isə daha doğru olardı ki, qarunquluların gələcək bir illik yem yerinin ünvanını dəqiq tanıyasınız:Gümrü şəhəri!