
Dünya bazarında qızıl və digər qiymətli metalların qiymətində ucuzlaşma davam edir.
Son məlumata görə qızılın bir troya unsiyasının (təxminən 31,1 qram) qiyməti 0,71 faiz azalaraq 3996 dollara düşüb.
Beləliklə, qızılın qiyməti 4 min dollarlıq həddən aşağı enib. Ucuzlaşma digər qiymətli metallardan da yan keçməyib. Dünya bazarında gümüşün qiyməti təxminən 2 faiz, platinin qiyməti isə 1 faiz azalıb.
Qızılın qiymətinə təsir edən əsas amillərdən biri ABŞ dollarının məzənnəsi və Federal Ehtiyat Sisteminin faiz siyasətidir. Dolların möhkəmlənməsi və faiz dərəcələrinin yüksək qalması qızıla tələbatı zəiflədə bilər.
Dünya bazarında qızılın qiyməti bir troya unsiyası üzrə müəyyənləşdirilir. Bir troya unsiyası 31,1035 qrama bərabərdir. Qızılın bir unsiyasının 3996 dollar olduğu şəraitdə saf qızılın bir qramının birja dəyəri təxminən 128,47 dollar təşkil edir.
Nəzərə alaq ki, bu məbləğ zərgərlik mağazalarında satılan qızılın qiyməti ilə eyni deyil. Çünki zinət əşyalarının əyarı, hazırlanma xərcləri və satış əlavələri fərqlənir. Qızılın dünya bazarında ucuzlaşması alıcılar üçün müəyyən üstünlüklər yarada bilər.
Bəs, qızıl məmulatları bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən “Moskva” Univermağında qızıl satışıyla məşğul olan Samir adlı şəxs bildirib ki, hazırda qızıl məmulatlarının satışında durğunluq hökm sürür:
“Əvvəlki illərlə müqayisədə bazar “ölüb”. Qızıl bahalaşdıqdan sonra satışda ciddi azalma var. Bəzən elə olur ki, gün ərzində bir dənə də olsun məhsul sata bilmirik. Hazırda 750 problu qızılın qramı 220-225, 585 problu qızılın qiyməti isə 162-165 manata təklif olunur. Yaxşıdır ki, son zamanlar ümumi qiymətlərdə enmə var. Bu da bizi ümidləndirir ki, qızıl məmulatları bazarı yenidən canlanacaq”.
Surxay Atakişiyev, Bizim.Media