
Vəzifəli şəxslərin əlavə iş fəaliyyəti və reklamla məşğul olmasına məhduddiyyət qoyulur.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. O, vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın.İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq məşğul ola bilər.
Qanun layihəsində haqq alınması ilə əlaqədar məhdudiyyətlər də nəzərdə tutulur. Belə ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrasının qanunsuz maddi və qeyri-maddi nemət, imtiyaz və ya güzəşt əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
Qanunla müəyyən olunmuş hallarda şəxslərə ödənişsiz əsaslarla xidmət göstərən vəzifəli şəxslər həmin xidmətə görə hər hansı ödəniş tələb edə bilməzlər. Həmçinin dövlət rüsumları və ya xidmət haqlarının (ödənişlərin) qanunla müəyyən edilmiş məbləğindən artıq rüsum və ya ödəniş tələb edilə bilməz.
Layihəyə əsasən, vəzifəli şəxs reklamla məşğul ola və şəxsi maraq, o cümlədən hər hansı haqq əvəzinə sahibkara, onun istehsal və ya idxal etdiyi mala (gördüyü işə və göstərdiyi xidmətə) münasibət bildirə bilməz.
Qeyd edək ki, qanun layihəsində “vəzifəli şəxs” anlayışı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1–2.1.4-cü və 2.1.6–2.1.8-ci maddələrində nəzərdə tutulmuş şəxsləri əhatə edir.
Günay Şahmar, Bizim.Media