
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.
Bu barədə Bizim.Media-ya BDU-dan məlumat verilib.
Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub.
1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda aspirant olub. 1968-1969-cu illərdə AMEA Rəyasət Heyətinin qərarı ilə elmi tədqiqatlar aparmaq üçün Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1995-ci ildə isə professor elmi adını alıb.
O, 1964-1982-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1982-1992-ci illərdə isə Moskva şəhərində Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda çalışıb.
1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə dəvət olunaraq Aparatın Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin Elm, təhsil və mədəniyyət bölməsinin müdiri vəzifəsinə təyin edilib. 1993-cü ildən Aparatın Daimi komissiyalar katibliyində, 1994-cü ildən isə Daimi komissiyalar şöbəsində rəhbər vəzifələrdə çalışıb. 1995-2020-ci illərdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsini icra edib.
Adilə Abbasova qadın problemlərinə həsr olunmuş beynəlxalq toplantılarda Azərbaycanı müxtəlif ölkələrdə təmsil edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ildə 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2020-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.