Prezident İlham Əliyevin Özbəkistan səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb. Məhz bu səfərin və iki ölkə arasında münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasının iki ölkə arasındakı ticarət dövriyyəsinə də müsbət təsir göstərəcəyi də gözlənilir. Bir neçə görüşlərdə də iqtisadi, investisiya, ticari, bir də logistik-tranzit məsələləri ön planda olub.Özbəkistanla Azərbaycan arasında İnvestisiya Fondu da yaradıldı ki, birgə maraqlı layihələrə investisiyalar qoyulsun.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasında iqtisadi münasibətlərdə yeni mərhələnin başlanmasına və ticarət dövriyyəsinin daha da artmasına ciddi təsir göstərəcək:
“Azərbaycanla Özbəkistan arasında strateji münasibətlər, eyni zamanda, iqtisadi əlaqələrə və ticarət dövriyyəsinə birbaşa təsir göstərir.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,2 dəfə artaraq 795 milyon dollara çatıb. Təbii ki, burada əsas ağırlıq Özbəkistandan idxalın payına düşür. Özbəkistan Azərbaycanla ticarət əlaqələrində müsbət saldoya malikdir.
Qarşıya qoyulan əsas hədəf isə 1 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır. Cənab Prezidentin Özbəkistana səfəri iki ölkə arasında iqtisadi münasibətlərdə yeni səhifə açacaq. Bu, eyni zamanda, ticarət dövriyyəsinə də birbaşa təsir göstərəcək.
Çünki müxtəlif sektorlar üzrə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı məhsul mübadiləsinin genişləndirilməsi gözlənilir. Özbəkistan həm sənaye, həm də aqrar məhsullar istehsal və ixrac edən ölkədir. Azərbaycan da sənaye məhsulları ilə yanaşı, bir sıra neft emalı məhsullarının ixracını həyata keçirir. Bu baxımdan, qeyri-neft sektorunda qarşılıqlı idxal və ixrac imkanları kifayət qədər genişdir”.
İqtisadçı qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında xüsusilə ərzaq və emal sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur:
“Azərbaycanın Özbəkistana ixracının təxminən yarısını şəkər məhsulları təşkil edir. Bu da Özbəkistanda emal olunmuş qida məhsullarına tələbatın yüksək olduğunu göstərir. Azərbaycan həmin məhsulların təminatında Özbəkistana daha böyük dəstək göstərə və bu ölkənin bazarına daha geniş çeşiddə qida məhsulları çıxara bilər.
Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı ticarətin artmasına ciddi töhfə verə bilər. Bütün bunlar onu göstərir ki, 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə daha qısa müddətdə nail olunacaq. Bu isə yalnız ölkələr arasında ticarət dövriyyəsinin artmasına deyil, eyni zamanda, Azərbaycan-Özbəkistan strateji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq”.
Bizim.Media