Braziliyada baş verən şiddətli leysan yağışlarının məhsuldarlığa zərər vurması səbəbindən premium-klass qəhvə istehsalçıları üçün keyfiyyətli arabika sortunu əldə etmək çətinləşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, dünyada istehsal olunan qəhvənin 60–70 faizini arabika təşkil edir. Bu növdən olan qəhvə mürəkkəb turşməzə dadı, meyvə və ya çiçək notları, eləcə də aşağı kofein tərkibi ilə seçilir.
O, dağlıq ərazilərdə xüsusi "specialty" seqmenti üçün yetişdirilir.
Braziliya kooperativinin baş direktoru Siman de Limanın bildirdiyinə görə, tropik leysanlar giləmeyvələrin təxminən 20 faizini yuyub aparıb ki, bu da normadan 12–15 faiz çoxdur. Yağıntılar məhsul yığımını ləngitməklə yanaşı, onun keyfiyyətini də kəskin aşağı salıb. Dənələrin böyük hissəsi həddindən artıq fermentasiyaya uğrayaraq kif və kifnək dadı qazanıb. Bundan əlavə, yüksək rütubət səbəbindən məhsulun bir hissəsi xəstəliklərə yoluxub.
Qeyd edək ki, iyun və iyul aylarında Braziliyanın bəzi bölgələrində yağıntının miqdarı normadan 250–500 faiz, bəzi ərazilərdə isə 8 dəfə çox olub. Yağışların ikinci dalğası sağ qalan məhsulun qurudulması prosesinin qızğın vaxtına təsadüf edib. Fermerlər prosesə yenidən başlamaq məcburiyyətində qalıblar ki, bu da qəhvə dənələrinin keyfiyyətinə daha bir zərbə vurub.
Keyfiyyətlə bağlı yaranan bu problemlərə görə "Intercontinental Exchange Inc." (ICE) sertifikatlaşdırılmış anbarlarındakı qəhvə ehtiyatları ABŞ və Avropada XXI əsrin ən aşağı səviyyəsinə düşə bilər.
Bizim.Media