Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında mühüm işgüzar görüş keçirilib.
Bizim.Media xəbər verir ki, iki ölkə rəsmisi regionda sabitliyin təmin olunması istiqamətində növbəti danışıqları aparıblar.
Görüş zamanı Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra fundamental məsələlər ətraflı müzakirə olunub. Tərəflər Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli birbaşa dialoqun davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Müzakirələrdə həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Danışıqların yekunu olaraq Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların aktiv şəkildə davam etdirilməsi barədə qərar qəbul ediblər. Əldə olunmuş razılığa əsasən, tərəflərin növbəti görüşünün Azərbaycanda keçirilməsi rəsmən təsdiqlənib.
Həmin görüşdən hazırlanan yeni videonu sizə təqdim edirik.
Bizim.Media