Albaniyada Donald Trampın kürəkəni Cared Kuşnerin şirkəti tərəfindən tikilməsi planlaşdırılan elitar yaşayış və kurort kompleksinə qarşı keçirilən aksiyalar daha da aqressivləşib. "Flaminqo İnqilabı" adlandırılan ekoloji hərəkat çərçivəsində ölkənin Adriatik sahili boyunca etiraz dalğası yayılmaqdadır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, son aksiya zamanı 200-dən çox aktivist və yerli sakin tikinti sahəsini əhatə edən metal və tikanlı məftilli çəpərləri tamamilə darmadağın edib.
"Flaminqo İnqilabı" və ekoloji təhlükə
"The Guardian" qəzetinin məlumatına görə, etirazların əsas mərkəzi flaminqoların və nəsli kəsilməkdə olan dəniz tısbağalarının əsas yuvalama zonası sayılan Vlyora rayonu (xüsusilə Narta laqunu və Sazan adası) yaxınlığındakı qorunan təbiət əraziləridir. Lakin son günlərdə ölkənin şimal-qərbindəki Rryoll kəndi ərazisində də analoji layihələrə qarşı çıxan sakinlər aksiyaya qoşulublar.
Sakinlər və ekoloqlar bəyan edirlər ki, elitar layihələr regionun unikal biomüxtəlifliyini məhv etməklə yanaşı, yerli əhalinin torpaqlarının qanunsuz şəkildə əllərindən alınması ilə müşayiət olunur. Əraziyə ağır texnikanın daxil olması və dəniz qumluqlarının dağıdılması ictimai qəzəbi pik həddə çatdırıb.
Baş nazir etirazçıları "faşizmdə" ittiham etdi
Albaniyanın Baş naziri Edi Rama isə öz növbəsində layihəni qətiyyətlə müdafiə edib. O, öz video-podkastında çıxış edərək etirazlar səbəbindən ölkəyə gələn turist axınının zəiflədiyini iddia edib. Hökumət rəhbəri bu nümayişlərin arxasında manipulyasiyaların dayandığını bildirərək, tikintiyə mane olmaq istəyən radikal qrupların davranışlarında "faşizm" əlamətləri gördüyünü bəyan edib.
Baş nazir qeyd edib ki, 4 milyard avro dəyərində olan bu nəhəng investisiya layihəsi Albaniyanı qlobal turizm mərkəzinə çevirmək potensialına malikdir və o, hakimiyyətdə olduğu müddətdə bu işlərin dayanmasına icazə verməyəcək.
Aİ və Antikorrupsiya idarəsi hərəkətə keçdi
Buna baxmayaraq, layihə ətrafında böhran beynəlxalq müstəviyə keçib. Avropa İttifaqı (Aİ) rəsmi Tirana xəbərdarlıq edərək bildirib ki, qorunan ekoloji zonalarda bu cür tikintilərin aparılması Aİ-nin ətraf mühit normativlərinə tamamilə ziddir və bu addım Albaniyanın ittifaqa inteqrasiya prosesinə ciddi zərbə vura bilər.
Eyni zamanda, Albaniyanın Dövlət Antikorrupsiya Agentliyi (SPAK) sözügedən torpaqların özəlləşdirilməsi və qorunan statusunun dəyişdirilməsi ilə bağlı qanunvericiliyə edilən şübhəli düzəlişlərlə bağlı rəsmi araşdırmalara başlayıb.
Bizim.Media